Ali təhsilli kadrlar niyə iş tapa bilmirlər?

Qabiliyyətsiz insan yoxdur, həyatda öz layiqli yerini tapmayan insan var

Bazar iqtisadiyyatına keçid şəraitində gənclərin peşəyönümü və onların şüurlu yaradıcı əməyə hazırlanması mühüm əhəmiyyət kəsb edir. Gənclər arasında peşə və ixtisaslara meyllərin formalaşması, istiqamətləndirilməsi, peşənin düzgün seçilməsi şəxsiyyətin formalaşmasında vacib keyfiyyətlərdən biridir. Əks halda nəinki Azərbaycanın, eləcə də dünyanın ən nüfuzlu universitetlərini bitirmiş kadrların işsiz qalmaq ehtimalı var. Etiraf edək ki, sözügedən problem ölkəmizdən də yan keçməyib. Hazırda kifayət qədər əli diplomlu gənclərimiz var ki, illərlədir iş axtarışına çıxıblar. Baxmayaraq ki, hər il Azərbaycanda kifayət qədər daimi və mövsümi iş yerləri açılır, vakant iş yerlərini tutmaq üçün əmək yarmarkaları keçirilir, ancaq bır sıra gənclər yaradılmış bu şəraitdən də yaralana bilmirlər. Nədir bunun səbəbi, nədən ali təhsilli kadrlar öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlr?

Sirr deyil ki, düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümünün düzgün aparılması xüsusi əhəmiyyətə malikdir. Dövlət Məşğulluq Xidmətindən verilən məlumata görə, peşəyönümü mürəkkəb, kompleks xarakterli tədbir olmaqla öz məzmun və metodlarına görə pedaqoji, psixoloji, tibbi, fizioloji yönümlü olub, təsir dairəsinə görə ictimai, nəticəsinə görə isə iqtisadi xarakter daşıyır. İqtisadçıların və sosioloqların fikrincə, peşəyönümü-ümumbəşəri mədəniyyətin mühüm elementlərindən birinin ümumiləşmiş anlayışı olub, insanların peşə fəaliyyətinin, bacarıqların müəyyən edilib formalaş-dırılmasına, onların meyl və maraqlarına, fiziki imkanlarına, eləcə də sosial-iqtisadi tələblərə uyğun olaraq düzgün peşə seçiminə xidmət etməklə, əmək bazarında tələb və təklifin, sosial-iqtisadi vəziyyətin, mövcud imkanların nəzərə alınması ilə optimal məşğulluğun seçilməsi, şəxsiyyətin peşə özünütəyini məqsədi ilə ona xüsusi sistemidir. YUNESKO-nun XV Baş Assambleyasının 1970-ci ildə Bratislavada keçirdiyi tədbirdə peşəyönümü anlayışına aşağıdakı tərif verilmişdir: peşəyönümü sürətlə inkişaf edən həyat şəraitində (elm, texnika, təhsil, informasiya, rabitə, komunikasiya, KİV-in intensiv inkişafı və s.) şəxsiyyətin fərdi qabiliyyətlərindən istifadə edərək onların cəmiiyətə faydalı və şəxsi maraqlarına uyğun şəkildə fərdi təhsil və əmək fəaliyyəti seçməsinə imkan verən tədbirlər kompleksidir. Peşəyyönümü probleminin həlli həmçinin işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlrinin həllində mühüm rol oynayır. Müxtəlif metodik tövsiyyələrdən istifadə edilməklə aparılan peşə məsləhətləri peşəyönümü işinin ən vacib tərkib hissələrindən olmaqla vətəndaşların gələcəkdə həyatda layiqli yerlərini tutmalarına xidmət edir. Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq Azərbaycan Höküməti ilə BMT-nin İnkişaf Proqramı (UNDP) arasında imzalanmış "Milli Sosial Müdafiə Sisteminin İnkişafı" Layihəsi çərçivəsində "Peşəyönümü işinin təşkilinə dair metodiki vəsait" və "İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi" hazırlanmışdır və Məşğulluq Xidməti orqanlarında müvəffəqiyyətlə istifadə edilir. Təqdim olunan metodik vəsaitdə Məşğulluq Xidməti orqanlarında peşəyönümü işinin təşkili və idarə olunması məsələləri əks olunmuşdur. Hazırda bu tədbir Bakı, Gəncə, Naxçıvan və Mingəcevir şəhərlərində fəaliyyət göstərən peşəyönümü metodiki kabinetləri vasitəsi ilə həyata keçirilir. Respublikanın digər şəhər və rayonlarında da belə kabinetlərin yaradılması nəzərdə tutulur.

Düzgün peşə seçimini necə aparmaq olar?

İnsan həyatının ən taleyüklü məsələlərindən biri onun peşə seçməsidir. Bir çox insanlar kor-təbii şəkildə və yaxud ətrafdakı insanların təhriki ilə müəyyən peşə seçirlər. Onlar bu sahə üzrə ali təhsil aldıqdan və yaxud bu peşə üzrə bir müddət işlədikdən sonra peşə seçimində səhv etdiklərini anlayır, başa düşürlər ki, bu fəaliyyət sahəsi onlar üçün maraqsız və yararsızdır, bu peşəni sevmirlər, beləliklə öz gələcəyini, ruzisini başqa peşələrdə axtarmalı olurlar. Çox vaxt bu səhvi düzəltmək mümkün olmur, insan ömrünü mənəvi, psixoloji və igtisadi çətinliklər məngənəsində başa vurmalı olur. Əslində, qabiliyyətsiz insan yoxdur, həyatda öz layiqli yerini tapmayan insan var. Cəmiyyət isə ona həyatda öz yerini tapmaqda yardımçı olmalıdır. Məhz bu fakt nəzərə alınaraq Azrbaycanda təklif edilən Tusi Profi ekspert sistemi gənclərin peşəyönümü işinin təşkili üçün nəzərdə tutulmuşdur. Məktəb məzunları, abituriyentlər, peşə litseyi tələbələri, ordudan tərxis olunmuş gənclər, işsiz vətəndaşlar,bir sözlə özünə peşə seçmək və ya peşəsini dəyişmək istəyənlər bu metodikadan istifadə edə bilərlər. Gənclərin peşə seçiminə kömək məqsədi ilə yaradılmış bu metodika peşəyönümü üzrə Məşğulluq Xidməti Orqanları mütəxəssisləri, psixoloqlar üçün köməkçi bir vasitədir.Təqdim olunan sistem imkan verir ki: gənclər öz meyl və maraqlarına uyğun peşələr haqqında müstəqil surətdə məlumat əldə etsinlər; peşəyönümü üzrə psixoloq, gənclər üçün peşə professioqramması qurarkən zəruri diaqnostik informasiyanı asanlıqla əldə etsin; az vaxt ərzində xeyli gəncə peşəyönümü üzrə səriştəli məsləhət verilsin; testləşmənin nəticələri yadda saxlanılsın, testdən keçənlər haqqında statistik məlumatlar əldə edilsin; bu sistemdən peşələr üzrə məlumat bankı kimi istifadə edilsin.
Bu sistem peşə maraqlarını müəyyən edən ənənəvi metodika və anketlərdən fərqlidir. Bu - kompüter ekspert sistemidir. Sistem kompüterin verdiyi suallara alınmış cavabların təhlili əsasında, gənclərə onların meyl və maraqlarına uyğun peşələrin siyahısı və bu peşələrin hər biri haqqında müfəssəl məlumat verir. Proqram əvvəlcə istifadəçi haqqında məlumat toplayır (adı, soyadı, cinsi, təhsili), bu kompüterlə dialoq əsasında həyata keçirilir. Daha sonra meyl və maraqları müəyyən etmək məgsədi ilə, ayrı-ayrı fəaliyyət sahələrinə dair suallar verilir. Hər suala verilmiş 5 cavabdan biri seçilməlidir. Bütün suallara cavab verildikdən sonra kompüter bu məlumatalrı emal edərək konkret fərdin xarakteristikasına uyğun peşələr siyahısı verir. Beləliklə, tövsiyyə edilən peşələrin seçilməsinə həm fərdin meyl və maraqları, həm də cinsi, təhsili və s. amillər təsir edir. Testləşdirmənin nəticələri ayrı-ayrı peşələrə olan meyl və maraqların kəmiyyət göstəriciləri formasında əks edilir. Beləliklə, proqramın işi nəticəsində hər bir fərdə uyğun peşələrin siyahısı və hər peşə haqqında ətraflı məlumat verilir. Ekspertlər hesab edirlər ki, iş axtaran gənclər bu kimi proqramlardan yararlanmaqla məqsədlərinə çata bilərlər.


Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00