Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb
13 May 2016 12:21 SosialXaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlərə başlanılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 m-ə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək. 2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək, bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılacaq. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq. 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırılması mümkün olacaq.