Azərbaycanda 125 nəfər İİV-ə yoluxub
13 May 2016 11:53 SosialBu ilin ilk 3 ayı ərzində Azərbaycanda 125 nəfər İİV-ə yoluxub. Məlumata görə, bunu Respublika QİCS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova bu gün keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmışdır. Belə ki, 2016-cı ilin ilk 3 ayı ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 24,8%-i, 1987-01.04.2016-cü illər ərzində isə aşkar olunan halların 49,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Bu il İİV-ə yoluxan insanların 121-i (96,8%) Azərbaycan vətəndaşı, 4 nəfəri (3,2%) isə əcnəbi vətəndaşlarıdır. Qeydiyyata alınmış 121 Azərbaycan vətəndaşından 84-ü (69,4%) kişi, 37-si (30,6%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşların sayı 44 nəfər olmuşdur. Bu dövr ərzində İİV-infeksiyasından 9 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib. 2016-cı ilin 3 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşlarının 31 nəfəri (25,6%) parenteral kontakt, 71 nəfəri (58,7%) heteroseksual kontakt, 2 nəfəri (1.7%) homoseksual kontakt nəticəsində virusa yoluxub, 17 nəfərin (14,0%) yoluxma yolu isə müəyyənləşdirilməkdədir.
E.Alməmmədova deyib ki, ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin 3 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4815 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 3523-si (73,2%) kişi, 1292-u (26,8%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1725 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 744 nəfər olmuşdur.
İİV-lə yaşayan insanlardan 48,9%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 41,3%-da heteroseksual, 1,8%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə, 0,02%-da (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş vermişdir. 7,0% -də yoluxma yolu müəyyən edilməmişdir: "Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilmişdir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3093 İİV-lə yaşayan insan cəlb olunmuş, onlardan 133 nəfərə müalicə 2016-cı ilin ilk 3 ayı ərzində başlanılmışdır. 01.06.2015-ci il tarixindən etibarən Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 117435 şəxs İİV-ə görə müayinəyə cəlb olunmuş və 75 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənmişdir". E.Alməmmədov qeyd edib ki, İİV-ə görə yoluxmaq istəyənlər Mərkəzin "Qaynar xətti"nə (408-79-74) müracİət edərək bu barədə daha geniş məlumat ala bilərlər. Mərkəz rəhbəri müayinələrin pulsuz aparıldığını da söyləyib.