Metropolitendə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunmuş kurslar yekunlaşıb

Hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbulla bağlı elan olunmuş kurslar yekunlaşıb. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Metropolitenin təlim-tədris mərkəzində təşkil olunan 1 aylıq ödənişsiz kurslara martın 14-dən start verilib. Təxminən 1800 müraciət edəndən ilkin müsahibəyə dəvət edilən 500 nəfər arasından metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası seçim edərək 77 nəfəri kurslara dəvət edib. Kursun nəticəsi aprelin 14-ü yekun imtahandan sonra bəlli olub. Belə ki, imtahanda 62 nəfər məqbul, 15 nəfər qeyri-məqbul nəticə göstərib. İmtahan nəticələri məqbul olan 60 nəfərlə qanunvericiliyin tələblərinə uyğun əmək müqaviləsi bağlanaraq hərəkət xidmətində işlə təmin olunub. 2 nəfər isə onlara təklif olunan işdən imtina edib. Məlumat üçün bildirək ki, əvvəllər hərəkət xidmətində qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsinə işə qəbul olunmaq üçün müraciət edənlər 3 ay sınaq müddətinə işə götürülürdü. Bu müddət ərzində metropoliten üzrə təlimatları mənimsəyən, müəyyən təcrübə toplayanların peşə bacarıqlarının qənaətbəxş olub-olmaması imtahandan sonra bəlli olurdu. Bu isə həm zaman itkisinə, həm də peşəkar kadr çatışmazlığına səbəb olurdu. Əvvəllər əksəriyyəti xanımlardan ibarət olan bu sahəyə hazırda oğlanların da marağı artıb. Aprelin 5-i yekun imtahanda kursu bitirən 23 nəfərdən 21-i iştirak edib. Onlardan 18-nin nəticələri məqbul, 3-nün nəticələri isə qeyri-məqbul qiymətləndirilib. İmtahan nəticələri uğurlu olan 16 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanıb. Sağlamlığı vakant vəzifəyə uyğun olmadığı üçün 2 nəfər isə təklif olunan işdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00