Dünya Azərbaycanlılarının IV Qurultayı nə vəd edir?
Belə bir həssas dönəmdə dünya azərbaycanlılarının Bakıya toplanması mühüm əhəmiyyət kəsb edir
12 May 2016 12:26 SosialDünya azərbaycanlıları yenidən Bakıya toplaşır. Məqsəd iyun ayının 3-4-də paytaxt Bakıda baş tutacaq Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etməkdir. Artıq Qurultaya hazırlıq məqsədi ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində Təşkilat Komitəsi də yaradılıb. Qurultayda dünyanın 49 ölkəsindən 500-dən artıq Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin, habelə Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçilər, ictimai xadimləri və elm adamlarından ibarət 50 nəfərə yaxın qonağın iştirakı gözlənilir. Hər qurultayda olduğu kimi bu dəfə də Dünyа Azərbаycаnlılаrının III Qurultаyındаn kеçən dövr ərzində görülmüş işlər müzаkirə оlunаcаq, həmçinin müasir dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları, gənclərin diaspor hərəkatına cəlb olunması, lobbi quruculuğu və digər bir sıra mühüm məsələlər üzrə fikir mübadiləsi aparılacaq. Qurultayda qeyd olunan mövzuların müzakirəsi üçün panellərin təşkili, eləcə də Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi də gözlənilir. Qurultayda diaspor təşkilatlarının qarşısında duran vəzifələrin dəqiq müəyyən edilməsi, diaspor təşkilatlarının fəaliyyət strategiyasının müasir reallıqlara uyğun şəkildə qurulması, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq məsləhətləşmələr əsasında vahid təbliğat konsepsiyasının hazırlanması nəzərdə tutulur. Qurultayın yekununda bir neçə sənədin qəbulu gözlənilir.
Düzdür, Dünya Azərbaycanlılarının IV Qurultayı prosedur əsasında zamanında keçirilsə də, lakin etiraf etmək lazımdır ki, hazırkı həssas dönəmdə bu qurultayın keçirilməsi olduqca əhəmiyyətlidir. Ən azı ona görə ki, son aylarda erməni təxribat maşını bütün sürəti ilə Azərbaycana qarşı mübarizə aparır. Belə bir məqamda diaspor təşkilatlarının Bakıda toplanması, qarşıdakı hədəflər və məqsədləri müəyyən etməsi mühüm əhəmiyyət kəsb edir. Elə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri də bu qənaətdədir. Bəs görəsən diaspor təşkilatlarının rəhbərləri Dünya Azərbaycanlılarının IV Qurultayına hansı təkliflərlə gəlirlər?
Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın Dünya Azərbaycanlılarının IV Qurultayının belə bir həssas dönəmdə keçirilməsinin olduqca əhəmiyyətli olduğu qənaətindədir. O, bildirib ki, Dünya Azərbaycanlılarının qurultayları müəyyən edilmiş prosedur əsasında keçirilsə də, lakin IV Qurultayın belə bir zamana təsadüf etməsi əhəmiyyətlidir: "Çünki aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlardan
sonra erməni lobbisi, işğalçı ölkə daha geniş miqyasda Azərbaycana qarşı informasiya mübarizəsinə keçib. Erməni lobbisi xarici ölkələrdə belə bir fikir formalaşdırmağa çalışır ki, sanki aprelin ilk günlərində Azərbaycan Ermənistan ərazisinə təcavüz edib. Halbuki Azərbaycan Silahlı Qüvvələri həmin əməliyyatlar zamanı uzun illər erməni işğalı altında olan bir neçə yüskəskliyi işğaldan azad edib. Ona görə də hesab edirəm ki, belə bir məqamda Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsi olduqca əhəmiyyətlidir". İlhan Aşkın deyib ki, qurultayda diaspor təşkilatları qarşısında konkret tapşırıqlar, vəzifələr qoyulmalıdır: "Həmin tapşırıq və vəzifələr əsasında da Azərbaycanın haqlı davasını fəaliyyət göstərdiyimiz ölkələrə daha yaxından çatdırmalıyıq. Hesab edirəm ki, ona görə də diaspor təşkilatları ciddi işləməli, daha fəal olmalıdırlar. Artıq heç bir fəaliyyət göstərməyib, lakin özünü güclü təşkilat kimi təqdim etmək istəyənlərin zamanı deyil. İndi işı görmək, Azərbaycanın haqlı davası uğrunda mübarizə aparmaq zamanıdır". Dərnək rəhbərinin sözlərinə görə, diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin parlament üzvləri ilə də yaxından əməkdaşlıq etməlidirlər: "Hər bir diaspor təşkilatı ən azı 1-2 avropalı parlamentari ilə münasibətlər qurmalı, onlara Azərbaycanın haqlı davasını çatdırmalı, keçirdikləri tədbirlərə həmin deputatları da dəvət etməlidir. Həmçinin müxtəlif ölkələrlə mövcud olan parlamentlərarası dostluq qrupları fəallıqlarını artırmalıdırlar. Deputatların qarşılıqlı səfərləri təşkil edilməli, yerli kütləvi informasiya vasitələrinə çlxış imkanları olmalıdır". İlhan Aşkın əmin olduğunu bildirib ki, qeyd etdiyi məsələlər Dünya Azərbaycanlılarının IV Qurultayında əsas diqqətdə olacaq. Dərnək rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə də toxunub. Bildirib ki, Dövlət Komitəsi qeyd edilən istiqamətlərdə müəyyən fəaliyyətlərdə olur və əlindən gələni əsirgəmir: "Eyni zamanda diaspor təşkilatları da bu işi paralel şəkildə aparmalıdırlar".
Qeyd edək ki, hal-hazırda dünyanın bir çox ölkəsində 450-dən çox Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayının 9-10-da Bakı şəhərində keçirilib. 5 il sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 fevral 2006-cı il tarixli, 1291 nömrəli Sərəncamına əsasən həmin ilin mart ayının 16-da Dünya Azərbaycanlılarının II Qurultayı, 2011-ci ilin iyul ayının 5-6-da isə III Qurultay keçirilib.
Süleyman İsmayılbəyli