“Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibləri mükafatlandırılıb
12 May 2016 11:52 SosialBeynəlxalq Muğam Mərkəzində Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümmumilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan "Quran motivləri əsasında hekayələr" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, mərasimin açılışında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdullayev Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın təşəkkülü və inkişafında böyük xidmətlərini qeyd edib. O bildirib ki, bu gün ölkəmizdə multikulturtlizm və tolerantlığın varlığı Heydər Əliyevin siyasətinin təntənəsidir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikultural ənənələrindən danışıb, müsabiqənin keçirilməsini din və ədəbiyyat dəyərlərinin ortaq nöqtəsi kimi yüksək qiymətləndirib. Komitə sədri İslam dəyərlərinin yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının rektoru, Fərhad Bədəlbəyli "Pərvərdigara" adlı əsərini, "Savalan" qrupu "İlahilər"i ifa edib, aktrisa Zemfira Əbdulsəmədova şerlər səsləndirib. Tədbirdə Milli Məclisin deputatları, dini icmaların rəhbərləri, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.