Yasamalda 1400 dekorativ ağac və bəzək kolu əkilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Yasamal rayonunun təhsil, səhiyyə, sənaye və digər müəssisələrində silsilə tədbirlər keçirilib, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, rayonun müxtəlif yerlərində çoxlu sayda ağac əkilib. Qeyd edək ki, bu ilin mart-aprel aylarından mayın 10-dək hər həftənin şənbə və bazar günlərində Yasamal rayonu ərazisində rayon icra hakimiyyətinin rəhbərliyi ilə ağacəkmə kampaniyası, yaşıllaşdırma işləri həyata keçirilib.

Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının təmsilçilərinin, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ilkin olaraq rayonun bir neçə yerində, o cümlədən Bakı dairəvi yolun kənarlarında ağac əkilib, yaşıllaşdırma tədbiri - ümumrayon iməciliyi keçirilib. Ümumilikdə 3500 nəfərin iştirak etdiyi iməcilikdə 1400 dekorativ ağac və bəzək kolu əkilib. Ağacların bir qismi nadir ağac növləri olmaqla, xarici ölkələrdən gətirilib, bir qismi isə yerli şəraitə uyğun, ənənəvi ağac növləridir. İməcilikdə, həmçinin əkilmiş ağaclar suvarılıb, taxta dirəklərlə möhkəmləndirilib. Bundan başqa, rayonun bütün idarə, müəssisə və təşkilatlarına məxsus ərazilərdə abadlıq, sanitariya-gigiyena tədbirləri, yaşıllaşdırma işləri həyata keçirilib.

Yaşıllaşdırma marafonunda məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.

Rayonun bütün əmək kollektivləri, həmçinin sakinlər tərəfindən fəallıq göstərilən ağacəkmə aksiyası rayonun bütün idarə, müəssisə və təşkilatlarında davam edəcək.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ölkəmizdə ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirib, genişmiqyaslı tədbirlər həyata keçirilib. Təməlini Ümummilli Liderin qoyduğu ətraf mühitin sağlamlaşdırılması siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il milyonlarla ağac əkilir, yeni-yeni yaşıllıq zolaqları salınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00