Narkomaniyanın insan orqanizminə vurduğu dərin yaralar
Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QIÇS-dir
10 May 2016 13:46 SosialMüasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkir. Əvvəllər narkotikdən istifadə təhlükəsi bir neçə ölkə qarşısında dururdusa, artıq vətəndaşlarının narkotizasiyasının acı nəticələrini hiss etməyən ölkə tapmaq mümkün deyil. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılıb, öz ərazisini genişləndirib, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxıb. Narkomanlıq narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlikdir. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların qaraciyər və böyrəyin zəhərlənməsinə səbəb olur. Bu səbəbdən narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatit və QIÇS xəstəliyidir. Məlumatda bildirilir ki, hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar. Digər qismini isə gənclər və uşaqlar təşkil edir. Gənclərdə üzə çıxan narkomaniyanın əsası yeniyetməlik dövründən başlayır. Yeniyetmə yaş dövrü bütün uşaq yaş dövrlərinin ən çətin və vacib mərhələsini təşkil edir. Çünki onun tərkibinə şəxsiyyətin qurulması dövrü daxil olmaqla uşaqlıq və böyük yaş dövrü arasında keçid mərhələsini əhatə edir. Narkomaniyaya meyilliliyin yaranması ilə əlaqədar yeniyetmənin şəxsiyyətində, motivasiya-tələbat strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Narkotiklərə meyilli olan yeniyetmələrdə iradə kimi xüsusiyyət, həmçinin dəyişikliyə məruz qalır. Qətiyyət ancaq narkotikin qəbuluna istiqamətlənən birtərəfli məna alır. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri xüsusən təhlükəlidir. Belə ki, neqativ psixiki kənarlaşmaların xüsusən ağırlaşması onun yaş xüsusiyyətləri, xarakterin zəifliyi, yüksək emosional vəziyyəti, mənəvi özünənəzarətin olmaması ilə şərtlənir. Beləliklə, eyforiya vəziyyətində yeniyetmələr yaşlılara nəzərən hüquq pozuntularına daha çox meyilli olurlar. Düzgün olmayan sosial-mənəvi istiqamətlənmə nəticəsində, narkotik eyforiya və ya abstinensiya vəziyyətində olan yeniyetmə tərəfindən törədilən hüquqpozuntuları və ya cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bəzən vandalizm doğurur, bir sıra hallarda xüsusi qəddarlığı ilə fərqlənir. Narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşgünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən
cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. İlk növbədə, insanın psixikasına narkotiklərin dağıdıcı, pozucu təsiri çox zaman güclü qısqanclıq, seksual patologiya doğurur ki, bu da bir sıra hallarda zorlamaya gətirib çıxarır. Bir çox hallarda qadın narkomanların özləri seksual manyakların, digər cinayətkarların qəsd obyektlərinə çevrilirlər. Çoxlarında narkotik vasitələrin təsirindən iradə və şüurun zəifləməsi baş verir, onlarda rəzil, alçaq instinktlər doğurur, həddən artıq qısqanclıq, təcavüzkarlıq yaranır ki, bunlar da adamöldürmə, sağlamlığa ağır zərər vurma və digər həyat və sağlamlıq əleyhinə cinayətlərin sövqedici motivləri olurlar. Çox zaman tamah-zorakı xarakterli kriminal əməllər narkotik aclığın təsiri altında törədilir ki, məqsəd də bu halda belə aclığı, yanğını aradan qaldırmaq, qarşısını nə yolla olursa-olsun almaqdan ibarətdir. Narkomanlıq cinayətkarlıqla və sosial kənarlaşmaların digər növləri ilə sıx əlaqədardır. Narkomanlar arasında aparılan araşdırmalar göstərir ki, narkomanların çoxu gec-tez cinayətkarlıq yoluna qədəm qoyurlar. Ona görə də narkomanlar arasında ictimai qaydalar və ictimai təhlükəsizlik əleyhinə cinayətlərin xüsusi çəkisi yüksəkdir. Həmin cinayətlərin böyük bir qismi isə xuliqanlığın payına düşür. Narkomanların törətdikləri cinayətlərin bir hissəsi narkotik aclıq vəziyyətində edilir, lakin həmin şəxslər narkotik maddələrin təsiri altında heç də az təhlükəli deyillər. Narkomanların adam öldürməsi və sair ağır cinayətlər törətməsi hallarına kifayət qədər rast gəlmək olar. Narkomaniya zəminində törədilən və tamah xarakteri daşıyan cinayətlərə narkotiklərin istehsalından, alverindən və narkotiklərlə bağlı digər qeyri-qanuni əməliyyatlardan böyük miqdarda qazanc əldə etmək məqsədi güdən ictimai təhlükəli əməlləri də aid etmək olar. Belə ki, alkoqoldan fərqli olaraq, narkotik qəbul etməklə müvəqqəti həzz alma nəticəsində adamda narkotik vasitənin təkrar istehlakı üçün güclü ehtiyac yaranır. Daha sonra, narkotiklərə vərdiş və onları daha böyük dozada qəbul etmək, yaxud daha güclü təsirə malik narkotik maddələri dadmaq arzusu baş qaldırır. Tədricən insan narkotiklərdən asılı vəziyyətə düşür, narkomaniya xəstəliyinə tutulur, bir qayda olaraq, şəxsiyyət kimi tənəzzülə uğrayır. Zəhmətsiz gəlir əldə etmək naminə, hətta insan fəlakəti üzərində varlanmaqdan belə çəkinməyən, narkotik vasitələrin satışı bazarını genişləndirmək üçün narkotik istehlakına daha çox adam cəlb etməyə çalışan narkoişbazlar narkotik vasitələrin insan orqanizminə bu cür təsirindən sui-istifadə edirlər. Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, adamlarda insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsli bəlli olmayan, özünün insan olduğunu dərk etməyən "canlı ölüyə" çevirir.
Füzuli