Bəzi insanlar tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmir
Deputat: “Digər bir qisim isə iş görür, lakin ümumi tədarükü bazara çıxara bilmir”
10 May 2016 13:40 SosialMilli Məclisin son iclasında "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə bir sıra dəyişiklik edilib. Dəyişiklikdə damazlıq heyvanların, toxum və tinglərinin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışından 1 aprel 2016-cı ildən əlavə dəyər vergisinin (ƏDV) tutulmaması göstərilib . Digər dəyişiklik kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini, eyni zamanda təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur. Lakin bu dəyişiklik cəmiyyətdə birmənalı qarşlanmayıb. Eksperlər isə torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini vətəndaşlar üçün əlavə problem kimi qiymətləndiriblər. Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov pay torpaqlarına görə cərimələrin tətniq edilməsinin müsbət hal olmadığı qənaətindərir. Millət vəkili fikrini onunla əsaslandırıb ki, yeni qayda əhali üçün əlavə problem yarada bilər: "Bir tərəfdən inkişaf üçün şərait yaradılır: "Lakin yeni qaydanın tətbiqi bir tərəf üçün yaxşı olsa da, digər tərəf üçün yaxşı olmur. Torpaq islahatı MDB məkanında ilk dəfə Azərbaycanda həyata keçirilib, torpaqlar insanlar arasında paylanılıb. Ancaq ondan istifadə vətəndaşların özlərinə həvalə olunub. Ancaq bir çox insanlar tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmir. Digər bir qism isə iş görür, ümumi tədarükü bazara çıxarda bilmir. Düzdür, burada müəyyən obyektiv və subyektiv səbəblər var. Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır". Deputat deyib ki, biz bu məsələlərin ya zəlzədən, ya vəlvələdən olması araşdırılmalıdır: "Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. İstifadə olunmadığına görə cərimə tətbiq olunmalıdır. Axı məhsul əkib onu istehsal edən əkinci istehsal etdiyi məhsulunu bazar çıxarda bilmir. Məsələn, SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndçi məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək bu kəndçiyə əkdiyi məhsulu bazara çıxartmaq üçün yol göstərək, sonra ondan nəyisə tələb edək". Millət vəkili Elmira Axundova qeyd edib ki, kənd təsərrüfatının inkişafına təkan verəcək, onu stimullaşdıracaq addımların atılması zəruridir: "Çünki qeyri-neft sektorunun inkişafı labüddür və günümüzün tələbidir, eləcə də kənd təsərrüfatının inkişafı bizim qida təhlükəsizliyimiz deməkdir. Bu baxımdan Vergilər Məcəlləsinə təklif edilən ƏDV güzəştlərini alqışlayıram.Vergilər Nazirliyi nağdsiz ödənişlərə 18 faiz yox, 9 faiz ƏDV təklif edir. Bü təkliflər təqdirəlayiqdir və bizə müraciət edən kiçik və orta sahibkarlar xahiş edirlər ki, differensial ƏDV məsələsi tezliklə öz həllini tapsın. Çünki bir çox kiçik və orta ticarət obyektləri 18 faiz ƏDV ödəməkdə çətinlik çəkirlər. Bundan başqa bilirsiniz ki, ticarət obyektlərindən dövlət qurumları haqlı olaraq tələb edirlər ki, bir çox maliyyə əməliyyatları nağdsız aparılsın. Bu da keçid dövrü tələb edir, obyektiv səbəbdən bir çox çətinliklər yaradır. Ödəniş şərtlərinin dəyişməsi, banklarla müxtəlif problemlər yaranması, əsasən də manat və dolların qeyri-stabil olması fonunda əsasən orta və kiçik sahibkarlar, ticarət obyektləri mürəkkəb dövr yaşayırlar, bir çox hallarda bağlanmaq məcburiyyətində qalırlar. Bu isə sahibkarlığın zəifləməsi və nəticədə iş yerlərinin bağlanması deməkdir. Bildiyiniz kimi bu yaxınlarda bir qrup iri supermarketlər şəbəkəsi rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər və danışıqlar aparıblar. İstərdim ki, Vergilər Nazirliyinin iştirakı ilə bu proses itkisiz başa çatdırılsın, ticarət obyektləri öz işini davam etdirə, işçi qüvvəsini saxlaya bilsinlər, qida məhsullarının qiymət artımına yol verməsinlər. Bu da tək onlardan asılı deyil, onlara edilən güzəştlərdən, kompromislərdən çox şey asılıdır. Prezidentimiz demişkən, biznes mühitinə əlverişli şərait yaradılmalıdır". Deputat heyvandarlıqla məşğul olanların da probleminə toxunub: "Onlar əsasən otlaqların azlığından şikayətlənirlər. Həmçinin qış mövsümündə yem ilə bağlı çox böyük çətinlikləri olur. Çünki bu yemi yüksək bazar qiyməti ilə alırlar. Düşünürəm ki, dövlət heyvandarlıqla məşğul olan şəxslərə bazar qiymətlərindən aşağı qiymətlə yem təklif etməlidir. Yaxşı olardı ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı da tədbirlər görsünlər. Heyvandarlıq və quşçuluqla ciddi məşğul olan fermerlərə yem məsələsində əhəmiyyətli dərəcədə tənzimlənmiş və güzəştli şərtlərlə kömək etsinlər. Bununla da həm kənd təsərrüfatının inkişafını dəstəkləmiş, həm də cənab Prezidentin tövsiyələrinə əməl etmiş olacaqlar".
Alim