ADNSU-nun rektoru Polşada səfərdə olub

Aprelin 21-22 -də ADNSU-nun rektoru professor Mustafa Babanlı Polşa Respublikasında işçi səfərdə olub. Səfər çərçivəsində rektorun Poznan şəhərində Adam Mitskeviç Universitetində beynəlxalq əməkdaşlıq üzrə prorektor professor Rişard Naskretski (Ryszard Naskrecki) ilə görüşü keçirib. Görüşdə hər iki universitet arasında imzalanacaq əməkdaşlıq memorandumunun müddəaları, müştərək layihələr və elmi əməkdaşlıqlar müzakirə edilib. M.Babanlı eləcə də Avropada ən müasir imkanlara malik olan nanomərkəz NanoBioMedical Mərkəzinin rəhbəri professor Stefan Yurqa (Stefan Jurga) ilə görüşüb, dr. Bakıt Orozbayevin (Bakyt Orozbaev) müşayiəti ilə laboratoriyanın avadanlıqları ilə tanış olub və müvafiq şəxslərlə müştərək elmi-tədqiqat layihələrinin işlənməsini müzakirə edib. Müzakirələr zamanı M.Babanlı ADNSU-da "Biotibbi avadanlıqlar mühəndisliyi" ixtisasının material-texniki bazasının yaxşılaşdırılması, tələbə-müəllim mübadiləsi məsələlərini də geniş müzakirə etmək istədiyini bildirib. Bu ixtisasın müasir optika, optotexnika və oftalmologiya avadanlıqları mühəndisliyi istiqamətinə yönəltmənin mümkünlüyü təklif edilib. Təklif ADNSU tərəfindən məmnunluqla qarşılanıb və bu istiqamətdə müzakirələrin aparılmasına ehtiyac olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. AMU-nun Kimya fakültəsində prof. Pyotr Kirşenşteyn (Piotr Kirszensztejn) və prof. Matsey Kubiçki (Maciej Kubicki) ilə görüş keçirilib və əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Mustafa Babanlı qeyd edib ki, hazırda kimya mühəndisliyi ixtisası ölkəmizin prioritet istiqamətlərindən biri olduğundan ADNSU Kimya texnologiyaları fakültəsində yüksək ixtisaslı kadrların hazırlanmasına böyük önəm verir. Bu məqsədlə iki universitetin tələbə və müəllimləri arasında geniş mübadilə və elmi əlaqələrin yaxşılaşdırılması razılaşdırılıb. ADNSU-nun bu sahə üzrə iki professorunun AMU-ya ezam olunması və əməkdaşlığın istiqamətlərinin müzakirəsi barədə razılıq əldə edilib. AMU-nun "Erasmus+" proqramının koordinatoru Dr. Tomaş Branka (Tomasz Branka) ilə görüşdə ADNSU-nun AMU ilə "Erasmus+" şəbəkəsi çərçivəsində əməkdaşlıq layihəsinin hazırlanması məsələləri də müzakirə edilib. Prof.M.Babanlı ADNSU-da bəzi ixtisaslar üzrə dəvətli professorlara ehtiyac duyulduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Dr. Branka növbəti tədris ili üçün AMU-da ADNSU tələbə və müəllim heyətinə 6-8 yerin ayrıla biləcəyini bildirib. Bunun üçün AMU ilə ADNSU arasında 2016-cı ilin oktyabr ayında əməkdaşlıq müqaviləsinin bağlanacağı gözlənilir. Aprelin 22-də isə Poznan Texnologiya Universitetinin rektoru, professor Tomaş Lodigovskinin (Tomasz Lodygowski) dəvəti ilə keçirilən görüşdə rektorlar universitetlər arasında tələbə və müəllim mübadiləsi, Avropada istehsalat təcrübə proqramı və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bir neçə layihə çərçivəsində əməkdaşlığa dair razılıq əldə olunmuş, Prof. M.Babanlı PTU-nun rektorunu ADNSU-ya dəvət edib. Səfərin 2016-cı ilin oktyabr-noyabr aylarında reallaşacağı gözlənilir. M.Babanlının Polşa-Filippin mərkəzindəki görüşündə mərkəzin direktoru Dr. Rafal Dımçik (Rafal Dymczyk) qurumun fəaliyyətinin əsas istiqamətləri ilə bağlı geniş məlumat verib, ADNSU-da elm, təhsil və mübadilə layihələrində iştirak edə biləcəyini qonağın diqqətinə çatdırıb. Prof. M.Babanlı eşitdiklərindən məmnunluğunu ifadə edib, ADNSU-nun müvafiq qurumlarının bu məsələdə fəal iştirak edəcəyini bildirib, həmçinin ADNSU-da BBA, MBA və ZU proqramları, yeni yaradılan Fransız-Azərbaycan Universiteti (UFAZ) barəsində məlumatları Dr. Dımçikin diqqətinə çatdırıb. Elə həmin gün Prof. M.Babanlı Varşava şəhərində Polşa Respublikasının Elm və Ali Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində Dr. Tomaş Kollat (Tomasz Kollat) ilə görüşüb. Dr. Kollat təmsil etdiyi qurumun Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa önəm verdiyindən, yaxın zamanlarda Nazirliyin nəzdində akademik mübadilə xidmətinin yaradılacağını bildirib. Prof. M.Babanlı görüşdə qaldırılan məsələləri Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq strukturlarını məlumatlandıracağını, ADNSU ilə Polşanın eyni profilli ali məktəbləri arasında səmərəli əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00