TQDK xəbərdarlıq etdi
25 Aprel 2016 17:39 SosialTələbə Qəbulu üzrə Dövlət Komissiyası sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. TQDK-dan virtualaz.org saytına verilən məlumatda deyilir ki, son günlər "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb. Aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub.
"Nəzərinizə çatdırmaq istəyirik ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi facebook səhifəsi deyil. Yaxın günlərdə qurumun rəsmi facebook səhifəsi istifadəyə veriləcək", - deyə qurumun açıqlamasında qeyd edilir. TQDK Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta facebook səhifələrindən istifadə etməməyi və burada yayılan məlumatlara inanmamağı tövsiyə edir.