Nazirlik: BTRİB-in kabellərinin montajı təhlükəsizlik normalarına cavab vermir
25 Aprel 2016 16:59 SosialBakı şəhərindəki kabel-kanal sistemləri uzun illər istismar edilir və bu sistem yalnız rabitə müəssisələrinə deyil, eyni zamanda dövlət əhəmiyyətli qurumların, nazirliklərin və özəl müəssisələrin də rabitə xətlərinə xidmət edir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, son zamanlar aparılan araşdırılmalar göstərir ki, yeni kabel-kanal sisteminin tikilməməsi, şəhərin müəyyən yerlərində tikintinin qeyri-mümkün olması, sisteminin uzun illər normativə uyğun düzgün istismar edilməməsi və bir çox digər səbəblər bu resursun gələcək texniki istismarını mümkünsüz edib. Hazırda Bakı Telefon İstehsalat Birliyi (BTRİB) balansında və istismarında 16,900 müxtəlif ölçülü quyu, 1 820 km telefon kanalizasiyası və 4006 km kabel kanalı var. Kabel kanallarında BTRİB-ə məxsus 1 800 km fiber optik (FO), 13,371 km fiziki (mis) kabel və digər təşkilatlara məxsus 3 500 km müxtəlif tutumlu FO kabeli mövcuddur. BTRİB-in mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, paytaxtın kabel-kanal sistemi normadan çox yüklənib. Hazırda BTRİB tərəfindən kabel-kanal sisteminin auditi davam etdirilir. Bundan başqa, kabel-kanal sistemində kabellər səliqəsiz və sıx yerləşdirilib, kabellərin üzərində tanıtım nişanları vurulmayıb, kabellərin montajı normativ tələblərə cavab vermir, habelə, kabellərin bu qaydada montajı qəza zamanı quyuya düşərək uyğun işin aparılmasına imkan vermir. Kabel-kanalların çox yüklənməsi zədəli kabellərin demontajı zamanı digər kabellərin zədələnməsinə səbəb olur və yeni kabellərin çəkilməsini mümkünsüz edir.
Qeyd olunan səbəblər quyularda təhlükəsizlik texnikasının tələblərini, yanğın və partlayış təhlükəsizliyinin qarşısının alınmasını təmin etməyə imkan vermir ki, bu da öz növbəsində dövlət əhəmiyyətli rabitənin təminatlı işinə əngəl yaradır.