İcra başçısı sahibkarların problemləri ilə maraqlanıb
30 Oktyabr 2015 11:56 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonda fəaliyyat göstərən sahibkarlarla görüş keçirib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkədə və rayonda sosial-iqtisadi vəziyyətdən danışaraq, iqtisadiyyatın bütün sferalarında sahibkarlığın inkişafının xüsusi önəmə malik olduğunu bildirib, özəl sektorun dəstəklənməsinin və məşğulluğun artırılmasının əhalinin rifahının təmin edilməsində başlıca amil adlandırıb. O, görüşdə iştirak edən sahibkarlara rayon iqtisadiyyatının inkişafını şərtləndirən mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması istiqamətində mühüm işlər görüldüyü haqqında məlumat verib. Görüş çərçivəsində sahibkarlar, Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların verilməsi proseslərində dəyişikliklərin edilməsi, gömrük sahəsində yeni islahatların aparılması ilə əlaqədar qəbul etdiyi fərmanların gələcəkdə onların fəaliyyətinin səmərəliliyinin artırılmasında əsas rol oynayacağını qeyd ediblər. Dəyirmi masa ətrafında 20-dən çox müxtəlif təyinatlı sahibkarlıq subyektləri cıxış edərək təsərrüfatlarının genişləndirilməsi istiqamətində bir sıra təklifləri müzakirə ediblər.