Jurnalsitlər mətbuat katibini seçdilər
21 İyul 2015 15:18 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və "Binəqədinin dostları" mətbuat klubunun təşkilatçılığı ilə "Mənim mətbuat katibim" adlı tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə bir sıra dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak ediblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, ölkəmizdə media nümayəndələrinə göstərilən dövlət qayğısından söhbət açıb. Çıxış edənlər milli mətbuatımızın yaranmasının 140 illik yubileyinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən silsilə tədbirlərlə geniş qeyd olunduğunu bildiriblər. Sonra "Mənim mətbuat katibim" layihəsinin rəhbəri Gülşanə Mustafayeva jurnalistlər arasında sosial sorğu keçirib. Sorğunun nəticələrinə əsasən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova qalib elan edilib və GİN rəsmisinə mükafat təqdim olunub. Tədbirdə iştirak edən digər mətbuat katibləri də müvafiq yerlər üzrə mükafatlandırılıb. Tədbir zamanı həmçinin bir sıra jurnalistlərə də mükafatlar təqdim edilib. Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.