Beynəlxalq Ailə Günü qeyd edilib
15 May 2015 17:29 SosialBinəqədi Rayon İcra Hakimiyyəti və M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbin rəhbərliyi və valideyn kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Önəmlidir ki, bir sıra toplumlardan fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamaqdadır. N.Allahyarova qeyd etdi ki, biz öz ailələrimizi qorumalı və övladlarımızı vətənimizə, xalqımıza layiqli şəkildə tərbiyə etməli, böyütməliyik. Daha sonra M.Maqomayev adına 26 saylı Uşaq Musiqi Məktəbinin tələbələri müəllimləri və valideynləri önündə hesabat konserti ilə çıxış ediblər.