Mübariz Qurbanlı: Dini radikalizmə qarşı mübarizədə qadınların rolu böyükdür
13 Aprel 2015 19:09 SosialDini radikalizmə qarşı mübarizədə qadınların rolu böyükdür. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün DQİDK, Binəqədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə qadınların rolu" mövzusunda keçirilən tədbirdə bildirib. Tədbirdə çıxış edən Komitə sədri bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib: "İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib". M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb: "Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir". Tədbirdə YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva mövzu ilə bağlı ətraflı məlumat verib. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov isə diqqətə çatdırıb ki, mövzu öz aktuallığı ilə seçilir: "Dünyada elə bir sərvət yoxdur ki, mənəviyyatdan uzaq olsun. Təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki, obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. İnsan mənəviyyatlı olmalı və bir-birinə dəyər verməlidir".
Qeyd edək ki, tədbirdə, həmçinin, BDU-nun İlahiyyat fakültəsinin müəllimi Səbinə Mirzəyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər. Tədbirin sonunda iştirakşıları maraqlandıran suallar cavablandırılıb.