Türkdilli xalqların Novruz festivalı keçirilib

Binəqədi rayonunda Novruz bayramı münasibətilə türkdilli xalqların Novruz festivalı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, türkdilli dövlətlərin ölkəmizdəki səfirləri, Türkiyəli şair Camal Safi, türk yazar Mehmet Ercan, millət vəkilləri Qənirə Paşayeva, Madər Musayev, Rafael Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul əməkdaşları, rayonun icra strukturu, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və rayon ictimaiyyəti iştirak edib. Türkdilli ölkə səfirləri, həmin ölkələrin ölkəmizdə akkreditə olunmuş diplomatik korpusunun əməkdaşları, onların ailə üzvlərinin iştirakı ilə həyata keçirilən Novruz festivalında parkda qurulmuş hər bir türkdilli dövlətə məxsus çadırda milli mətbəxlər, adət-ənənələr, mərasimləri əks etdirən komponentlər göstərilib. Tədbir çərçivəsində qonaqlara milli mətbəximizin şahı sayılan fərqli plov növlərindən ibarət Aş festivalı, milli ornometlərlə zəngin, Azərbaycanın müxtəlif regionlarının, eləcə də əzəli yurd yerimiz olan Qarabağın qədim sənətkarlıq  ənənələrini əks etdirən xalçaçılıq nümunələri, eyni zamanda milli geyimimiz olan kəlağayılar təqdim edilib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qonaqları və rayon ictimaiyyətini bayram münasibətilə təbrik edərək onlara ən xoş və səmimi diləklərini çatdırıb, günbəgün inkişaf edən ölkəmizə firavan həyat arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31