Binəqədi rayonunun ictimai-siyasi fəal qadınları təltif olunub

8 Mart- Beynəlxalq Qadınlar günü münasibətilə Binəqədi rayonunda bayram mərasimi təşkil olunub. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a daxil olan məlumata görə, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət Həsənova, Binəqədi RİH başçısı Aparatının məsul əməkdaşları, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak ediblər. Qadınlarını təbrik edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, millət vəkili Məlahət Həsənova cəmiyyətdə və ailədə xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.  Çıxışlarda müasir dövrdə də qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak etdiyi vurğulanıb. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ümummilli lider Heydər Əliyev tərəfindən qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində böyük işlər görüldüyünü və bu məsələnin hər zaman diqqətdə saxladığını vurğulayıblar. Bayram tədbirində rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup  qadın Binəqədi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. Bədii hissə ilə davam edən tədbirdə bayram tortu kəsilib və qadınlar üçün ziyafət verilib. Mərasimdə tanınmış estrada ulduzlarının ifasında konsert proqramı da təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31