Binəqədidə xeyriyyə aksiyası keçirilib
5 Mart 2015 11:23 SosialBinəqədi rayonunda "Hər şey vətən üçün" devizi altında xeyriyyə aksiyası keçirilib. "OLAYLAR"-ın rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərinə görə, Binəqədi qəsəbəsi şəhid Qorxmaz Baxşıyev adına 179 saylı tam orta məktəbdə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, müəllimlər, məktəblilər və valideynlər iştirak ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd məktəblilərdə vətənpərvərlik ruhunu aşılamaq olub. 179 saylı tam orta məktəbin təşəbbüsü, Binəqədi qəsəbə bələdiyyəsinin dəstəyi ilə məktəbin həyətində "Hər şey vətən üçün" xeyriyyə yarmarkasında məktəbin 36 ibtidai sinifi iştirak edib, şagird və valideynlərin hazırladıqları əl işləri satışa çıxarılıb. Yarmarkada daha çox fərqlənən 3 sinif fəxri fərmanla təltif edilib. Əldə olunan vəsait Silahlı Qüvvələrə Yardım Fonduna köçürülüb. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva milliliyimizi, adət-ənənələrimizi özündə əks etdirən aksiyanın keçirilməsinin ən mühüm tərəfinin əldə olunan vəsaitlərin vətənimizin keşiyində dayanan Silahlı Qüvvələrimiz üçün yaradılmış fonda köçürülməsinin olduğunu deyib.