32 468 nəfər tibbi müayinədən keçib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq cari ilin fevralın 2-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsinin təmin edilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə,  komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin personalı cəlb edilib. Əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi tərəfindən həyata keçirilir. Bunlar Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikasıdır. Qeyd edilən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. 23 fevral tarixinə olan məlumata əsasən Binəqədi rayonunun 257 900 nəfər əhalisindən 32 468 nəfəri tibbi müayinədən keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31