Beynəlxalq güclərin ikili standartları
Terror və ekstremizmə şərait yaradır
9 Oktyabr 2014 12:21 Siyasət"Hazırda dünyada narahatlıq doğuran hadisələrin yaşandığı müşahidə edilir. Bunlar arasında ekstremizm meyillərinin güclənməsini, bəzi dövlətlərin başqa dövlətlər tərəfindən işğalçılıq siyasətinə məruz qalmasını, bəzilərinin isə terrorçu təşkilatlar tərəfindən hədəfə alınmasını görürük". Bunu deyən millət vəkili Sahibə Qafarovanın sözlərinə görə, minlərlə insanın ölümü ilə müşahidə olunan bu faciəvi hadisələr müasir dövrümüzdə təhlükəsizlik məsələlərinin nə qədər böyük aktuallıq kəsb etdiyini və insan tələfatına qarşı hədələrin aradan qaldırılması, onlarla mübarizədə hamımızın birgə addımlar atmağımızın zəruriliyini ortaya qoyur: "Vəziyyətin bugünkü dramatik hala gəlib çatmasında siyasi dairələr tərəfindən bir çox hallarda terrora, ekspansiya tədbirlərinə qarşı sərt reaksiyanın ortaya qoyulmaması, əksinə proseslərə qeyri-adekvat yanaşılması, beynəlxalq münasibətlərdə müşahidə edilən çoxstandartlılıq kimi mənfi hallar şərait yaradır".S. Qafarova vurğulayıb ki, Azərbaycan 20 ildən artıqdır ki, qonşu dövlətin işğalçılıq siyasətindən əziyyət çəkir. BMT-nin Təhlükəsizlik Şurası işğal altında olan torpaqların qeyd-şərtsiz geri qaytarılması ilə bağlı 4 qətnamə qəbul edib, dünyanın bütün beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Ermənistan dövlətinin işğalçılıq siyasəti həyata keçirməsi faktını təsdiq edib. Amma bu günə qədər də münaqişənin yekun həllinə nail olunması, beynəlxalq qətnamələrin yerinə yetirilməsi üçün hər hansı bir addım atılmayıb.