Oqtay Əsədov Lordlar Palatasının üzvünü qəbul edib
8 Oktyabr 2014 17:24 SiyasətOktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin sədri bildirib ki, Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Hər iki ölkənin parlamentləri bu əlaqələrin dərinləşməsinə öz töhfəsini verməkdədir: "Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq parlament qurumlarında deputatlarımızın mütəmadi görüşləri zamanı aparılan danışıqlar ümumi məqsədlərə xidmət edir. Biz inanırıq ki, gələcəkdə bu əlaqələrimiz daha da inkişaf edəcəkdir". Səmimi qəbul üçün minnətdarlığını bildirən Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbi ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. İqtisadi və mədəni əlaqələrimizin günbəgün dərinləşdiyini söyləyən Lord Riçard Risbi Azərbaycandakı sabitliyi yüksək dəyərləndirib. O, müasir dövlət quruculuğu prosesində parlamentin oynadığı rola diqqət çəkərək, ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial imkanlar olduğunu qeyd edib.