AXCP-yə zəif Müsavat lazımdır
Fuad Qəhrəmanlı Hafiz Hacıyevlə eyni fikirdədir
22 Sentyabr 2014 14:54 SiyasətAXCP Müsavat partiyasının başında Qubad İbadoğlunu görmək istəyir. Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı öz facebook səhifəsində yazıb. Fuad bəy yazır ki, Qubad bəyin başqan seçilməsi həm Müsavat, həm də demokratik düşərgənin gələcək əməkdaşlığı üçün vacibdir. Siyasi analitiklər AXCP-nin bu mövqeyini bir sıra amillərlə izah edirlər. Hesab edilir ki, AXCP-nin Qubad İbadoğlu ilə yaxşı münasibətləri var və Əli Kərimli beynəlxalq donor təşkilatlarla yaxşı əlaqələri olan bir adamla münasibətləri pisləşdirmək istəmir. AXCP-nin Qubad İbadoğlunu dəstəkləməsinin bu partiyanın Arif Hacılıya olan nifrətindən qaynaqlandığı da söylənilir. Sirr deyil ki, 20 ildən çoxdur davam edən AXCP-Müsavat, Əli Kərimli-İsa Qəmbər davasının əsas fiqurlarından bir Arif Hacılıdır. Arif Hacılı başqan olsa bu dava sürəcək. Hacılı kimi inadkar, intriqant, təcrübəli biri ilə savaşmaq Əli Kərimliyə sərf etmir. Bu üzdən AXCP İbadoğlu kimi zəif başqanla savaşmağa üstünlük verir. Ancaq bir iş var ki, İbadoğlunun adı loyallıqda hallanır. Bu baxımdan AXCP tərəfindən onun dəstəklənməsi şübhəli görünür. Maraqlıdır ki, Fuad Qəhrəmanlıdan öncə Müasir Müsavat pariyasının sədri Hafiz Hacıyev "demokraik seçki keçirilərsə, Qubad İbadoğlunun Müsavat başqanı ola biləcəyini" demişdi. AXCP ilə Müasir Müsavatın mövqeyinin üst-üstə düşməsi maraqlı və təəccüblüdür. Belə çıxır ki, ya Arif Hacılıya olan nifrəti AXCP rəhbərliyini qeyri-məntiqi qərarlar verməyə vadar edir, ya da hesab edilir ki, İbadoğlunun başqanlığında Müsavat daha da zəif düşəcək.
Fikrimizcə, ikinci versiya daha ağlabatandır. Nə qədər təsirini saxlasa da, İsa Qəmbər başqanlıqdan gedəndən sonra partiya ilə əvvəlki kimi maraqlanmayacaq. İbadoğlunun başqanlığında olan Müsavat AXCP ilə rəqabəti uduzacaq. Çünki İbadoğlu ilə Əli Kərimlini müqayisə etmək düzgün olmazdı. AXCP-yə məhz bu cür Müsavat lazımdır. Müsavatın başqanı Arif Hacılı deyil, İbadoğlu olarsa, Müsavatla AXCP arasında rəqabət bitə də bilər. Çünki Müsavatdakı köhnələrin çoxu aktiv siyasəti tərk edəcək, İbadoğlunun gənc komandası Əli Kərimlinin intriqant partiyası ilə rəqabət apara bilməyəcək. Arif Hacılının başqan seçilməsi isə hazırkı vəziyyətin davam etməsi anlamına gəlir. Hacılı təcrübəlidir, onun "Yurd"la mübarizə stajı var. Məlumatı çoxdur, "Yurd"un zəif yerlərini bilir. Hacılının başqan seçilməsi Müsavatın bütövlüyünü qorumaq baxımdan önəmlidir. Baxmayaraq ki, Hacılının başqan seçilməsi ilə bir sıra ünlülərin Müsavatdan getməsi labüd olacaq. Ancaq Hacılının başqan olması müxalifətə sərfəli deyil. Müsavatı zəif salan illərdir davam edən AXCP-Müsavat çəkişməsidir. İbadoğlu başqan olarsa, ümid var ki, Müsavat müxalifətdəki rəqibləri ilə ənənəvi münasibətləri dəyişəcək, müxalifət daxilində daha sağlam atmosfer yaranacaq.
Ərhun Abbas