Erməni qoxusu gələn qətnamə
22 Sentyabr 2014 12:57 Siyasət"Əgər Avropa Birliyi və digər beynəlxalq qurumlar uydurma məlumatlara görə narahat olurlarsa, nədən 20 ildən çoxdur mənim kimi 1 milyondan çox qaçqın və məcburi köçkünün düşdüyü vəziyyətdən narahatçılıq keçirmirlər? Təcavüzkara, işğalçıya qarşı heç bir sanksiya tətbiq olunmur, ancaq cinayət törədən tək-tək şəxslərin durumundan narahatçılıq keçirirlər". Bunu deyən millət vəkili Elman Məmmədovun sözlərinə görə, guya onlar Azərbaycan qanunlarına uyğun cinayət törətmiş şəxsin həbsində naharat olurlar: "Onlar öz maraqları naminə narahat olduqlarını göstərirlər. Qəbul olunmuş həmin qətnamədən də erməni iyi gəlir. Bu qətnamə birbaşa Ermənistanda hazırlanmasa da, həmin 46 deputatın təmsil etdikləri dövlətlərdə fəaliyyət göstərən Ermənistan səfirliklərində hazırlanıb. Çox güman ki, bu qətnamədə həmin parlamentarilərin şəxsi maraqları var. Bu gün Azərbaycan dünyanın, Avropanın enerji təhlükəsizliyində fəal iştirak edir. İşğalçı Ermənistan isə işğal etdiyi ərazilərdə yetişdirdiyi narkotikanı Avropaya daşıyır". E.Məmmədov həmçinin vurğulayıb ki, bu qətnamədən Azərbaycana qarşı növbəti təzyiq vasitəsi kimi istifadə edilir: "Həmin parlamentarilər Azərbaycandan öz xeyirləri üçün nəsə əldə etmək fikrindədirlər. Buna nail ola bilmədikləri üçün bu yola əl atıblar. Ancaq Azərbaycan heç kimin təsir dairəsində deyil və hansısa təzyiq altında heç bir güzəştə getməyəcək. Bu dövlət öz siyasətini Konstitusiyasına, qanunlarına uyğun aparır və aparacaq".