Prezident seçkisi 6 ay sonra başa çatdı

Əfqanıstanda prezidentliyə namizədlər birlik hökumətinin qurulmasına razılıq veriblər

Əfqanıstanda dünyanın ən uzunmüddətli prezident seçkiləri prosesi, nəhayət ki, sona çatıb.Aprel ayının 5-ində seçkilərin ilk turunda namizədlər qələbə üçün lazım olan 50 faizlik səs həddini keçə bilməmişdilər. İkinci turda tərəfsiz siyasi lider, ölkənin sabiq maliyyə naziri Əşrəf Qəni Əhmədzai seçkilərdə qalib gəlsə də, onun əsas rəqibi Abdullah Abdullah prosesin saxtalaşdırıldığını iddia edərək nəticələri qəbul etməyəcəyini açıqlamışdı. Belə olan halda Amerika Birləşmiş Ştatları və Birləşmiş Millətlər Təşkilatı hər iki siyasi lideri birlik hökuməti qurmağa təşviq edirdi.Beynəlxalq təzyiqlər isə ötən gün bəhrəsini verib. Tərəflər uzun müddətdir ki, davam edən danışıqlar nəticəsində birlik hökuməti qurulmasına razılıq veriblər.Razılaşmadan sonra, mərkəzi seçki komissiyası Əşrəf Qəni Əhmədzainin seçkilər qələbə qazandığını elan edib. Lakin komissiya rəsmiləri ölkədə gərginliyə səbəb olmamaq məqsədilə səslərin faiz nisbətini açıqlamayıblar.Abdullah Abdullah razılığa əsasən, baş hökumət icraçısı vəzifəsinə təyin olunub.Əhmədzainin qələbəsi paytaxt Kabulda tərəfdarlarının sevincinə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00