Avropanın “ədalət carçıları”nın növbəti qərəzi
19 Sentyabr 2014 17:33 SiyasətAzərbaycana qarşı qeyri-obyektiv, qərəzli mövqe addımbaşı özünü göstərməkdədir. Zaman-zaman ölkəmizdə insan hüquq və azadlıqlarının pozulmasını iddia edən qeyri-obyektiv qətnamə və sənədlərin sırasına daha biri əlavə olunub. Belə ki, bu günlərdə, daha dəqiq desək sentyabrın 18-də Avropa Parlamentində keçirilmiş müzakirələrin nəticəsi olaraq qəbul olunmuş qətnamədə Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe ortaya qoyulub. İddia edilib ki, guya ölkəmizdə insan hüquq və azadlıqları kobud şəkildə pozulur, ayrı-ayrı şəxslər siyasi baxışlarına görə həbs edilir. Qətnamədə bu sırada erməni kəşfiyyatına işləməkdə günahlandırılan "hüquq müdafiəçisi" Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun adı xüsusi qeyd edilir. Hətta AP bir qədər də irəli gedərək adları çəkilən hər iki şəxsin qeyd-şərtsiz azad olunmasını tələb edir. Sual olunur, nəyə görə vətənə xəyanətdə ittiham olunan birisi heç bir cinayət məsuliyyətinə cəlb edilmədən, Avropa Parlamentinin istəyi əsasında azad edilməlidir. Məgər məlum qətnamənin qəbul olunmasında xüsusi canfəşanlıq göstərən Avroparlamentarilərin istənilən birinin ölkəsində analoji hal baş versəydi eyni tələb həmin ölkə üçün də səslənərdimi? Cavab qısa və aydındır. Əlbəttə ki, yox. Bəs onda özlərinin rəva bilmədikləri bir addımı Azərbaycandan tələb etmək nə dərəcədə normal və məntiqlidir? Əslində bunun da cavabı məlumdur. Birincisi, Avropa Parlamentinin qəbul etmiş olduğu qətnamə ermənipərəst qüvvələrin, eləcə də Azərbaycanın inkişafını istəməyən daxili ünsürlərin "əməyi"nin nəticəsidir. Məhz ikincilərin Avropada demokratiya, haqq, ədalət axtarışı nəticəsində erməni maraqlarına xidmət edən qüvvələrə göndərdiyi yalan məlumatların əsasında bu cür qərəzli qətnamələr ortaya çıxır. Hər iki cəbhə bu gün Azərbaycanın sürətli şəkildə inkişafından əndişələnir. Əgər daxildəki erməni maraqlarına xidmət edən qüvvələr üçün hansı yolla olur-olsun Azərbaycan hakimiyyətini laxlatmaq, onu gözdən salmaq başlıca prioritetdirsə, ikincilərin əsas istəyi bu yolla Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, onu dünya birliyində gözdən salmaqdır. Təəssüflər olsun ki, bəzi avroparlamentarilər də erməni maraqlarının girovuna çevrilərək Azərbaycana qarşı düşmənçilik mövqeyi sərgiləyirlər. Bu gün Azərbaycanı insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağıran Avropa Parlamenti nədənsə bir dəfə olsun öz qətnamələrində Ermənistandan eyni şeyi tələb etmir. Baxmayaraq ki, Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın bilavasitə iştirakı ilə gedən birinci Qarabağ döyüşləri zamanı bir milyona yaxın soydaşımız öz yurd yuvalarından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Avropa Parlamenti isə bir dəfə də olsun Ermənistanı insan hüquqlarına hörmət etməyə səsləmir, azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını müdafiə etmək barədə düşünmür. Eləcə də Sərkisyanın birinci müddətə prezident seçilməsi zamanı İrəvanda baş vermiş kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olmasına hələ də Avropanın ədalət carçıları göz yumur. Əgər Avropa Parlamenti doğrudan da haqq, ədalət, insan hüquq və azadlıqlarının qorunmasının tərəfdarıdırsa nə üçün Azərbaycan torpaqlarının 20 ildən artıq erməni işğalında saxlanılmasını soyuqqanlılıqla qarşılayır? Bu gün Avropadakı ermənipərəst qüvvələri narahat edən digər bir məqam gələn il Bakıda Birinci Avropa Oyunlarının keçirilməsidir. Bu yarışlara ciddi cəhdlə hazırlaşan Azərbaycanın Birinci Avropa Oyunlarından divident götürəcəyi şübhəsizdir. Birinci növbədə Azərbaycan Avropa Oyunları vasitəsilə erməni işğalı barədə bir daha Avropa məkanını məlumatlandırmağa nail olacaq. Avropa Oyunlarına hələ bir xeyli müddət qalmasına baxmayaraq ölkəmizə olan maraq və xarici KİV-lərin Azərbaycandan reportajlar hazırlaması da ermənilərin ciddi narahatlığına səbəb olan amillərdəndir. Çünki qondarma soyqırımınınn 100 illiyi ərəfəsində, eləcə də ondan dərhal sonra Azərbaycan barədə yayılan informasiyalar erməni yalanlarının ifşasına gətirib çıxaracaq. Elə məhz bu amili nəzərə alan Avropa Parlamentindəki ermənipərəst qüvvələrin hazırladığı qətnamədə Beynəlxalq Olimpiya Komitəsinə də müraciət edilir ki, Azərbaycana təzyiqlər edilsin. Bu təzyiqlər sırasında isə ayrı-ayrı ölkələrin Birinci Avropa Oyunlarında iştirak etməmək istəyi göstərilir. Göründüyü kimi məqsəd aydındır. AntiAzərbaycan qüvvələrinin əsas hədəfi ölkəmizi nüfuzdan salmaq, onun beynəlxalq imicinə zərbə vurmaqdır. Ancaq Azərbaycan hər zaman bu kimi cılız sınaqlardan uğurla çıxıb. Çünki qeyri-obyektiv, qərəzli yanaşma sabun köpüyü kimi tez partlayır və heç bir effekt vermir.
Süleyman