Partiya sədrindən Vidadi Mirkamala tutarlı cavab

“Milli Şurada mövcud psixoloji ovqatı digərlərinə də şamil etmək cəhdi xəstəlikdir”

Milli Şuranın üzvü Vidadi Mirkamalın bu günlərdə mətbuata açıqlamasında  müxalifətin təsnifatını  aparması bu düşərgədə təmsil olunan bir sıra partiyalar tərəfindən normal qarşılanmayıb. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Milli Şura üzvünün açıqlamasına cavab olaraq qeyd edib ki, siyasətin üst qatına yeni gələn bu şəxsin yazısında kobud fikirlər yer alıb: "MŞ-dan kənarda olan bütün siyasi qurumları, mənim fikrimcə, təhqir edib. Bir neçə gün digər həmkarlarımın bu bəyanata münasibətini gözlədim. Heç kəs cavab vermədi. Ola bilər digərləri cavabı mənasız sayıb, ötürüblər. İstisna etmirəm ki, Mirkamalın iradlarına layiq şəxslər də düşərgəmizdə olmamış deyil. Hesab edirəm ki, ictimai qaydada bildirilən belə fikirlər-aşağılamalar mütləq cavabını almalıdır. Əlbəttə ki, bu cavab müxtəlif səviyyə və formalarda verilə bilərdi. Mirkamal cənablarına özümün cavab verməyimin səbəbi belə bəyanatların arxasında ciddi ideoloji məqsədlərin gizlənməsidir. Bəlkə də açıqlama müəllifi bunun fərqində deyil". Partiya sədri bildirib ki, açıqlamada "Milli Şuradan kənarda müxalifət yoxdur" fikri digərlərinin səmimi mübarizəsini şübhə altına almaqdır: "Bildiyim qədər nə mən, nə də rəhbərlik etdiyim təşkilat iqtidarla hər hansı bir əlaqədə olmadığımızı heç kəs sübut edə bilməz. Bu kimi iddialar konkret olmalı, ya birbaşa, ya da dolayısı ilə sübuta yetirilməlidir. Bu günə qədər haqqımızda belə sərsəmləmə bildirənlərin hamısının cavabı verilib, bundan sonra da veriləcək. Əvvəldə cənab Mirkamala və onun mövqeyini bölüşənlərin hamısına müxalifətçiliyin nə olduğunu izah edim. Müxalifətçilik hakimiyyətdə heç bir formada təmsil olunmamaq, heç bir vəhclə iqtidarın işinə yaramamaqdır. Kim bizim haqqımızda belə xarakterli məlumata malikdirsə, buyursun, açıqlasın. Belə faktlar ortada olarsa, ictimai etimadın olmayacağı bəllidir, ondan sonra siyasətdə qalmağın da mənası itmiş olur. Lakin özlərinin bu iqtidarla əlaqələrinin aşkar bilindiyi şəxslərin digərlərinə hücum səbəblərini anlaya bilmirəm və yaxud onların siyapurluğuna təəccüblənməkdən usanıram. Dediklərim birbaşa Mirkamala aid olmasa da, ətrafına diqqətlə baxıb sonra danışmağı ona məsləhət görürəm. Təmsil olunduğunuz təşkilatın yarandığı zaman Moskvanın neoimperiya siyasətinə xidmət etdiyi keçmiş silahdaşınız İsa Qəmbər tərəfindən də etiraf edilib". Əli Əliyevin sözlərinə görə, MŞ-da mövcud psixoloji ovqatı digərlərinə də şamil etmək cəhdi yanlış yol və xəstəlikdir: "Cənab Mirkamal gecə mesajlarından danışır. Gecə mesajlarını güdmək üçün xəfiyyə avadanlığının olmadığı şəraitdə, günün mübhəm hissəsində kiminsə yanında olmaq lazımdır. Bizim yanımızda belə şübhəli adamların olmadığından mesaj məsələsi də yəqin bizə aid deyil. Sonda bütün siyasi dəvəquşulara deyirəm ki, başınızın qumda olması zamanı digər əzalarınızın eşikdə olmasını unutmayın. O bədən hissələriniz təkcə baxmaq üçün deyil, onlara xətər də yetirilə bilər. Danışmamışdan əvvəl mütləq fikirləşin".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00