Əyalət siyasətçiləri
10 Sentyabr 2014 16:44 SiyasətMəşədi Cəfər
Bu dəfə əyalət siyasətçiləri haqqında danışacağıq. Əksəriyyəti saf, təmiz əqidə adamı, Bakıdakı liderlərə inamlı olan bu şəxslər sözün həqiqi mənasında ömürlərini siyasi mübarizəyə sərf edirlər. Bir zamanlar Arif Paşanın kiminsə dilindən eşidib tez-tez işlətdiyi, jurnalistlərin iztehza ilə söylədikləri "Cəbhəçilik bir yaşam tərzidir" fikri nə qədər gülünc görünsə də, əyalət siyasətçilərini ifadə etməyə yetir. Həqiqətən də əyalət müsavatçısı, cəbhəçisi siyasətlə nəfəsə alır. Hər gün dükanını açar, müxalifət qəzetləri alar, müxalifətmeylli saytlar oxuyarlar. Hər gün əyalət cəbhəçisinin dükanına bir neçə rayon cəbhəçisi, müsavatçısı gələr, söhbət edər, gedərlər. Bir dəfə Bakıdan gedən dostumla birgə kənddə müsavatçılarla çay içiridik. Birdən paytaxtda baş verən siyasi prosesləri incəliyinə qədər bilən dostumun "əşi, İsa Qəmbər də elə o birilərinin tayıdır" fikri az qala dava ilə nəticələnəcəkdi. Radikal müsavatçılardan birini güclə başa saldıq ki, bu adam İsa Qəmbərin düşməni deyil, sadəcə, öz fikrini dedi. Pah, əyalət müxaliftəçisinə öz fikrini demək nədi, sən ona onun xoşladığı fikri deməlisən. Əyalət siyasətçisi bax belə təmiz, saf, radikal olur, onunla mübahisəyə heç dəyməz. Bəziləri də avam olur. Bir dəfə Müsavatın qurultayında Vaqif adlı müsavatçı orijinal görünmək üçün "Bu məsələni referenduma çıxarmağı təklif edirəm" dedi. Qurultaya sədrlik edən İsa Qəmbər "yaxşı, keç otur yerində" deyə adamı mikrofondan uzaqlaşdırdı. Başqanın bu sözlərindən "sən canın, avam-avam danışma, onsuzda əsəbiyəm, get, otur yerində, bildiyin şeylərdən danış" fikri oxunurdu. Başqan neyləsin, adam hələ bilmirdi ki, partiya daxili məsələni referendumla həll etməzlər. Referendum ümumxalq səsverməsidir. Bu səsvermə ölkə əhalisi arasında keçirilir. Əyalət siyasətçisinin çoxu qaza gəlmiş adamlardır. Sədri deputat olan, AXCP-dən qopmuş partiyalardan birində bir xanım var. Jurnalistlər onu yaxşı tanıyır. 14 il qabaq müxalifət liderlərindən biri onu nətər qaza gətirmişdisə, "mən prezident olacam, Marqaret Tetçer kimi lider olacam" deyirdi, başqa da bir şey demirdi. İki il qabaq artıq şəxsi kooperativə çevrilmiş partiyada şöbə müdiri işləyən xanımı gördüm. İllərini utopik ideyalara verib, ailə qurmayıb, partiyanın bir küncündə oturub arada bir qəzetə açıqlamalar verməklə gününü keçirir. Yeir gəlmişkən, bu xanım da mərkəzi aparata əyalətdən gətirilənlərdəndir. Bu yaxın günlərə qədər əyalət cəbhəçisi, müsavatçısı özünü potensial icra başçısı, bələdiyyə rəisi, VVAQ müdiri, məhkəmə sədri görürdü. 2003-cü il seçkilərindən sonra bu inam xeyli sarsıldı. İndi onlar nə zamansa icra başçısı, bələdiyyə sədri, VVAQ müdiri olmayacaqlarını bilirlər. Çoxu partiyadan, siyasətdən bezib. Ancaq əqidəliləri də var. Onlar partiyadan getməyi özlərinə ar bilirlər. Belələri boşa xərclənmiş 20 ilə təsəlli də tapırlar: "Müstəqilliyin qazanılmasında rolumuz var", "20 ildə filan bəydən bir gün də olsun ayrılmadım".