Prezident İlham Əliyev Bakıda bir sıra məktəblərdə yaradılan şəraitlə tanış olub

AzərTAc  bildirir ki, Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycanda bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün  yeni korpuslar inşa olunur. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin nəzdindəki Bakı İstedadlar Təhsil Kompleksidir. Burada təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu təhsil ocağının tikintisinə ötən ilin avqust ayında başlanılıb. Kompleks qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunub.

Bakı İstedadlar Təhsil Kompleksi Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin beynəlmiləl məktəbidir. Kompleksin foyesində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Məktəbdə təhsil ingilis dilində aparılır.

Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası isə Azərbaycan dilində tədris olunur. 1200 şagird üçün nəzərdə tutulan Bakı İstedadlar Təhsil Kompleksində ilk vaxtlarda 600 şagird təhsil alacaq. Kompleksdə təlim-tədris prosesi 3 yaşından başlayaraq məktəbəqədər təhsil, ibtidai təhsil, orta təhsil və ali məktəblərə hazırlıq mərhələlərini əhatə edəcək.

Məktəbdə 4 birinci sinif və hər birindən 3 sinif olmaqla 2 və 8-ci sinif şagirdləri ən yüksək səviyyədə təhsil almaq imkanına malik olacaqlar. Təhsil kompleksindəki  80 nəfərlik yeni tipli uşaq bağçasında da təlim proqramları Azərbaycan və ingilis dillərində tədris olunur. Balacalara dil və riyaziyyatın əsasları yeni üsullarla öyrədilir. Təhsil kompleksinin xüsusi nəqliyyat vasitələri uşaqların xidmətinə verilib. Uşaq bağçasının əsas kontingenti 3-4 yaşlı uşaqlardır. 5 yaşlılar isə birinci sinfə hazırlıq kursu keçirlər. Təhsil kompleksində müasir üslubda tikilən və bütün zəruri avadanlıqlarla təchiz olunan 30 sinif otağı, kitabxana, 300 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, qapalı idman zalı, 2 üzgüçülük hovuzu, meydançalar, trenajor zalı, yeməkxana, tibb məntəqəsi, kompyuter otaqları, qeyri-tədris sahələri yaradılıb. Tədris prosesi hər sinifdə 1 müəllim və 1 assistent tərəfindən aparılacaq. Müəllimlər beynəlmiləl məktəblərdə iş təcrübəsinə və müvafiq sertifikatlara malik əcnəbi vətəndaşlar, assistentlər isə ingilis dilini mükəmməl bilən yerli müəllimlərdən ibarətdir.

Kompleksdə ümumilikdə 32 əcnəbi və 28 yerli müəllim işləyəcək. Burada təlim-tərbiyə prosesi Britaniya təhsil modeli üzərində qurulduğundan Azərbaycan milli kurrikulumundan bəzi detallar ilə yanaşı, Britaniya milli kurrikulumu-İngiltərə-Uels kurrikulumu da tətbiq olunur.

Məktəbdə şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb. Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, davranışı, onlara verilən ev tapşırıqları haqda operativ-interaktiv məlumat əldə etməyə imkan verəcək. Pedaqoji prosesin müəllim-şagird əməkdaşlığı üzərində qurulması, müasir təlim strategiyalarının və çevik qiymətləndirmə mexanizmlərinin məqsədyönlü tətbiqi, şagirdlərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmələri təlimin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələri ilə zənginləşdirilib. Təhsil ocağının həyətində abadlıq və quruculuq işləri həyata keçirilib.

Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində yaşayan, yüksək intellektual qabiliyyətə və parlaq istedada malik uşaqların aşkara çıxarılması və onlara müasir standartlar səviyyəsində bilik və bacarıqların aşılanması üçün nəzərdə tutulmuş yeni tipli təhsil müəssisəsidir.

---------
14:26

AzərTAc  bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Paytaxtda və ətraf qəsəbələrdə, eləcə də respublikanın hər yerində orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yeni yaşıllıq zolaqları salınır. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

Prezident İlham Əliyev əvvəlcə 32 nömrəli tam orta məktəbdə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, 4 mərtəbədən ibarət olan məktəbdə 1050 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, fənn kabinetləri yüksək standartlara uyğun şəkildə əsaslı surətdə təmir edilib, lazımı avadanlıq və dərs ləvazimatları ilə təchiz olunub. Məktəbin istilik və işıqlandırma sistemləri də müasir tələblər səviyyəsində yenidən qurulub. Növbəti il üçün 640 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur.

Dövlətimizin başçısı məktəbin ayrı-ayrı sinif otaqlarını gəzdi, yaradılan şəraitlə tanış oldu.
Sonra Prezident İlham Əliyev 12 nömrəli tam orta məktəbə gəldi. Burada görülən təmir və yenidənqurma işləri ilə bağlı da dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 12 nömrəli tam orta məktəbin binası 1974-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Ulu Öndərin iştirakı ilə istifadəyə verilib. Üç mərtəbədən ibarət məktəbdə 43 sinif otağı var. Məktəbdə 1200-ə yaxın şagird təhsil alır. Növbəti dərs ili üçün 240 şagird yerlik əlavə korpusun inşası nəzərdə tutulur. Burada da bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb.

Dövlətimizin başçısı 12 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə yaxından tanış oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00