Müxalifətdə İsa Qəmbər dövrü qapanır
Siyasi enişdə olan başqan zamanında getmək qərarı verdi
9 Sentyabr 2014 16:19 SiyasətBir zamanlar Azərbaycan siyasətində, daha dəqiqi, müxalifətində İsa Qəmbər dövrü vardı. Yaxın 90-larda Müsavat başqanı İsa Qəmbərin imzası olmadan ciddi bir siyasi layihə gerçəkləşə bilməzdi. AXCP ilə müttəfiq olsa da, cırtdan siyasi partiyalar daha çox Müsavatla yaxınlaşardılar. Müsavatla oturub durardılar. Yeni yaranan QHT, ictimai təşkilat, qəzet Müsavatın xeyir-duasını alardı. Hətta 2000-ci illərin əvvəllərində Müsavatda "bizim siyasi pasport verdiyimiz partiyalar" deyimi vardı. Müsavat funksionerləri bunu qürurla deyərdilər. Müsavat ideoloqları hesab edirdilər ki, İsa Qəmbər müxalifətdə ən güclü, xarizmatik liderdi. Müsavatçılar illər uzunu buna özlərini inandırdılar. Onlar cırtdan partiya sədrlərini də buna inandırmışdılar. Hesab olunurdu ki, müxalifəti uğura apara biləcək tək adam İsa Qəmbərdir. Ancaq 2000-ci ildə ilk dəfə olaraq bu inam sarsılmağa başladı. Parlament seçkilərindən sonra Müsavat başqanı narazı elektoratı səfərbər edə bilmədi. Sakitcə məğlubiyyətlə barışıb, "2003-cü ili gözləyək" dedi. AXCP-nin parçalanmasından sonrakı 3 il İsa Qəmbərin karyerasının zirvədə olduğu illərdir. Müsavat başqanı öz gücünə irlə getməmişdi. Düşərgənin lideri Elçibəy vəfat etmiş, meydan boşalmışdı. O zaman Əli Kərimli İsa Qəmbərlə toqquşacaq gücdə deyildi. 35 yaşlı gənc Kərimli o zaman indiki qüvvədə deyildi. Müxalifətin haradasa 90 faizinin dəstək verdiyi İsa Qəmbər 2003-cü il seçkilərini də bada verdi. Seçkidən məğlub çıxdı, tərəfdarlarını başlı-başına buraxdı. Komandası onu 2005-ci il seçkilərinə hazırlamağa çalışsa da, artıq gec idi:İsa Qəmbər xarizması sarsılmışdı. Ondan sonra İsa Qəmbər ironiya obyektinə çevrilməyə başladı. Tərəfdarları dağıldı, adamları azaldı. 2012-ci ilin qışında Sülhəddin Əkbər, İbrahim İbrahimli kimi adamlar Müsavatı tərk etdilər. Bu artıq İsa Qəmbər cazibəsinin məhv olması anlamına gəlirdi. Sentyabrın 27-də İsa Qəmbər Müsavat başqanlığından gedəcək. Hesab olunur ki, o başqanlıqdan getsə, Müsavat zəifləyəcək. Bəziləri iddia edir ki, İsa Qəmbər Müsavatı kənardan idarə edəcək, dağılmağa qoymayacaq. Fikrimizcə, İsa Qəmbər Müsavatı kənardan idarə edəcək gücdə deyil. Arif Hacılı, Rauf Arifoğlu kimi onun da Müsavatda adamları var. O, adamları vasitəsilə qərarlara təsir edə biləcək. Ancaq liderlik funksiyasını saxlaya bilıməyəcək. İsa Qəmbəri getməsi ilə partiyanın zəifləyəcəyi fikri də doğru deyil. Onsuzda Müsavat zəifdi. Əksinə ola bilər ki, yeni başqan Müsavatı daha da gücləndirsin. İstənilən halda qəbul edilməlidir ki, İsa Qəmbər yorulub, usanıb və aktiv siyasətdən getmək istəyir. Üçüncü dəfə başqan olmaqdan imtinası da yalnız siyasi xal toplamağa hesablanmış addımdır. Yəni, desinlər ki, başqan demokratiyaya xidmət etdi və getdi. Əslində, başqanın bu cür gedişi urvatlıdı. Görünür, İsa Qəmbər siyasi enişdə olduğunu özü də dərk etdi və vaxtında getmək qərarı verdi.
Ərhun Abbas