XXI əsrin feodal zehniyyətləri
Dam yarıb dana çıxarmayana qız, türməyə düşməyənə başqanlıq yoxdur
8 Sentyabr 2014 17:42 SiyasətMəşədi Cəfər
Bu ayın 27-də Müsavat Partiyası özünə yeni başqan seçəcək. 90-ların müqavilə imzalayan partiya sədrləri demişkən: "millətə xeyirli-uğurlu olsun". Başqan adayları facebook sosial şəbəkəsində hər gün müftə reklam kampaniyası aparırlar. (Özgə vaxt, Markı söyürlər e.) Bu kampaniyada diqqətimi çəkən bir məsələ oldu. Dostların paylaşdığı şəkillərdən belə görünür ki, partiya sədri olmaq istəyən siyasətçinin əsas keyfiyyəti mitinqdə tribunada, polislə süpürləşən yerdə, məhkəməyə qolu qandallı aparılan vəziyyətdə şəklinin olmasıdır. Xarici dil bilgisi, beynəlxalq əlaqələr, debat mədəniyyəti, yüksək intellekt ikinci dərəcəlidi. Bu cür şəkilləri əsasən Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və ya qardaşı, tərəfdarları paylaşır. Arif Hacılının başqan olması ilə işimiz yoxdur. Adam dəfələrlə Müsavatdan, İsa Qəmbərdən ötrü türməyə düşüb. 1992-ci il bərpa qurultayından İsa Qəmbərin yanındadır. Çoxları Müsavatdan getsə də, o getməyib. Amma bu hələ əsas vermir ki, "mən filan vaxt polislə süpürləşmişəm, sən güləşməmisən", "mən "şestoy kolonda" yatmışam, sən heç Papanin küçəsindən də keçməmisən" məntiqi ilə rəqiblərini aşağılayasan. Arif bəy və arifsevərlər bu cür atmacaları əsasən Qubad İbadoğluna atırlar. Çünki digər rəqib Tural Abbaslı da türmədə yatıb, mitinqdə döyülüb, polislə süpürləşib. Arifsevərlər İbadoğluna acıq verirlər: biz mitinqdə olanda, sən QHT-də baş girləmisən. Düzdür, Qubad müəllim mitinqə zada çıxmayıb. Müəllim adamdı, sakit adamdı, icazəsiz aksiyada yəqin ki, heç olmayıb. Amma bu o demək deyil, İbadoğlu başqan ola bilməz. Qubad müəllim də Arif bəyin edə bilmədiyini edib. Məsələn, Polşada elmi iş müdafiə edib. Beynəlxalq aləmdə onu yaxşı iqtisadçı kimi tanıyırlar. Qubad bəyin xarici dil bilgisi yaxşıdı. Ən azı 3 dildə sərbəst danışır. Qubad bəy gəncdi, çağdaş İKT sahəsində bilikləri Hacılınınkından çoxdu. Bəlkə qurultay elə Qubad İbadoğluna səs verəcək? "Başqanlıq Arif bəyin haqqıdır" deyirik. Axı bu haqqı daşıyan "qocalar" çoxdu Müsavatda. Məgər, Vurğun Əyyubun haqqı deyil? Ya Hikmət Hacızadənin? Ya Rafiq İsmayılın? Əlbəttə, haqqıdır. O zaman başqanlıq nədən Hacılının boyuna biçilib ki? Və nədən "başqan Arif olmalıdır" piarı qurulub? Ən doğru qərarı Müsavatın qurultayı verəcək. Ancaq di gəl ki Hacılı tərəfdarları qurultaya da təzyiq edillər. "Arif Hacılı başqan olmasa, partiyadan gedəcəyik" hədəsi hansı siyasi əxlaqa, hansı etikaya uyğundur? Mübarizədə bir tərəf qalib gəlir, o biri tərəf uduzur. Uduzan zəhmət çəkib bunu qəbul etməlididir. İndidən "mən uduzsam, demək seçki düz olmayıb" təbliğatı cığallıqdı. Arif bəy tərəfdarlarının "kimi mitinqdə, türmədə çox olubsa, başqan o olmalıdır" məntiqi də yanlışdı, çağdaş siyasi etikadan uzaqdır. Bu lap "dam yarın dana çıxarmayana qız yoxdur", "baş kəsmədin, qan tökmədin, amma başa çıxırsan" məntiqinə oxşayır. Bu, bizim milli deyimlərdi, misallardı e, ancaq, orta əsrlərin feodal kafasının məhsuludur, ağalar!