Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı

"Serj Sərkisyan hal-hazırda öz ölkəsində ciddi tənqid edilir".

Axar.az xəbər verir ki, bu fikri millət vəkili Aydın Mirzəzadə Feysbuk səhifəsində NATO-nun Uels sammitində Ermənistan prezidenti Serj Sərkisyanın imzaladığı sənədə münasibət bildirərkən yazıb. Onun fikrincə, Sərkisyan pis vəziyyətə düşüb:

"Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə xoşagəlməz situasiyaya düşüb. O özü də istəmədən Azərbaycanın ərazi bütövlüyü sənədinə imza atıb. Belə ki, NATO-nin bu günlərdə Nyuport (Böyük Birtaniya, Uels) şəhərində keçirilən sammitinin qəbul etdiyi və Ermənistan prezidentinin də imza atdığı bəyanatda 30-cu bənd var. Bənddə deyilir: "Ukraynadakı son hadisələr NATO-nun Şərqi Avropadakı bəzi partnyorları arasında narahatçılıq yaradıb. Müttəfiqlər partnyorlarının xarici siyasət və təhlükəsizlik - xarici təzyiq və məcburetmədən azad müstəqil seçimlərini müdafiə etməkdə davam edəcəklər. NATO hüquqların müdafiəsi öhdəliyini saxlayır və əvvəlki kimi Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini müdafiə etmək əzmindədir". Bəyannaməni NATO sammitində iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan da imzalayıb və buna görə hal-hazırda öz ölkəsində ciddi tənqid edilir".

Millət vəkili onu da bildirib ki, sənədin hüququ öhdəliyi yoxdur və o bəyanat xarakteri daşıyır:

"Ermənistanın Rusiya ilə müttəfiqliyi və NATO ilə Rusiyanın hazırda soyuq münasibətlərini nəzərə alaraq, Sərkisyan onu imzalamaya da bilərdi. Ancaq Ermənistan rəhbəri həmişəki kimi yenə də iki stulda oturmağa cəhd etdi, bu zaman hətta öz dediyinin əleyhinə olan sənədə imza atmaqdan da çəkinmədi".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00