İsa Qəmbərin qardaşı Arif Hacılıya qarşı çıxdı

“Qubad İbadoğlu da çox istedadlı, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış şəxsdir”

Müsavat Partiyasında başqanlıq yarışına kənardan ciddi müdaxilələr var. Arif Hacılının başqan olacağına şübhə etməyən İsa Qəmbər və komandası artıq hərəkətə keçib. İsa Qəmbər ətraflı ziyalıların Qubad İbadoğlunu dəstəkləməsindən sonra vəziyyəti gərginləşdirən, Hacılı tərəfdarlarını qızışdıran daha bir addım atılıb. İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbər Qubad İbadoğlunu dəstəkləyən açıqlama ilə çıxış edib.  Onun açıqlamasında başqa təkliflər olsa da, əsas məsələ İbadoğlunun dəstəklənməsidir. Rövşən Qənbər təklif edir ki, bütün namizədlər İsa bəylə birlikdə beş nəfərdən ibarət kollektiv kollegial başqanlıq sistemi qursunlar.  Rövşən Qəmbər sonra qeyd edib ki, Arif Hacılı da, Səxavət Əlisoy da, Tural Abbaslı da Müsavat Partiyasının başqanı olmağa layiq vətəndaşlarımızdır və kimin daha layiqli olmasına sentyabrın 27-də keçiriləcək qurultayın nümayəndələri səsvermə yolu ilə qərar verəcəklər: "Lakin Qubad İbadoğlu da çox istedadlı, ədalətsevər, ləyaqətli, ingiliscə yaxşı danışan, dünyada ən çox tanınmış, qlobal beynəlxalq təşkilatların işində iştirak etmiş, enerjili gənc vətəndaşlarımızdan biridir". Başqanın qardaşının açıqlamasındakı başqa məqamlar söz xatirinə deyilib. Hamıya bəllidir ki, pariya 5 nəfərlik başqanlıq sistemi ilə idarə oluna bilməz. Rövşən Qəmbərin sözünün canı budur ki, İsa Qəmbər başqanlıqdan getməsin. Getsə belə, onun yerinə sözəbaxan biri, yəni Qubad İbadoğlu olsun. Yəni hər kim olur-olsun Arif Hacılı olmasın. Proseslərin gedişi göstərir ki, Müsavatda köhnə komanda, İsa Qəmbərin yaxın ətrafı Arif Hacılının başqan olmasını istəmir.  Onları qorxudan AMİP sindromudur. Etibar Məmmədov sədr postundan istefa verdi, onun yerinə müavini Əli Əliyev seçildi. Lakin 2 ildən sonra artıq Əli Əliyev müstəqil addımlar atmağa başladı. Partiya parçalandı, Əli Əliyev qanadı sonralar özünü AVİP elan etdi.  İsa Qəmbərin yaxın ətrafı hesab edir ki, başqan olarsa Arif Hacılı komandasını dəyişəcək, köhnələri partiya elitasından uzaqlaşdıracaq. Müsavat Partiyasından arayış alaraq xaricə mühacirət etmiş şəxslər, onların yaxınları da narahatdır, partiyanın yad əllərə düşməsinə qarşıdılar. İsa Qəmbərin qardaşının ortaya mövqe qoyması, Qubad İbadoğlunu dəstəkləməsi Arif Hacılı qanadı üçün sürpriz sayılmamalıdır. Onlar yaxşı bilirdilər ki, başqan Qubad İbadoğlunu dəstəkləyir. Bu, Arif Hacılı üçün həyəcan siqnalıdı. Hacılı özü üçün nəticə çıxarmalıdı. Qurultayda ancaq tərəfdarlarına, mediadakı dostlarına güvənə bilər. İsa Qəmbər, yaxın ətrafı onu dəstəkləməyəcək.  Arif Hacılı yalnız doğru səsvermə olarsa, qurultay nümayəndələrinin dəstəyinə ümid edə bilər. Əks halda o, kənarda qalacaq. Sosial şəbəkədəki fəallığı göstərir ki, Hacılı sona qədər mübarizə aparacaq. Ancaq proseslər onun məğlubiyyətinə doğru aparır. Artıq bu aydındır: İsa Qəmbər-Pənah Hüseyn cütlüyü başqanlığı ona verməyəcək! Bəs başqan olmadığı təqdirdə Arif Hacılı Müsavatda qalacaqmı? Fikrimizcə, yox. O, tərəfdarlarını da götürüb partiyanı tərk edəcək. Hacılının qardaşı Vaqif Hacıbəylinin sədri olduğu Əhrar partiyasının bazasında yeni partiya elan edəcəyi də söylənilir. Hər halda siyasi təcrübəsi olan bir adam kimi Arif bəy ictimai təşkilat və ya QHT yaratmayacaq. Müsavat elitasından 10-a yaxın şəxsin, bir neçə rayon təşkilatının da onunla gedəcəyi gözlənilir. Belə görünür ki, Müsavatda bu itkini hesablayıblar və Arif Hacılının yaradacağı boşluğu nəzərə alıblar. Arif Hacılı partiyadan gedərsə, onun itkisi Pənah Hüseynlə də kompensasiya edilə bilər.

Ərhun Abbas
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00