Müharibə mediası barədə mövzunun bəzi konturları
5 Sentyabr 2014 14:37 SiyasətHafiz Mirzə
www.hafizmirza.com
Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin birgə müşavirəsi keçirilib. Bu heç də planlı öhdəlikdən və adi iş prinsiplərindən irəli gəlməyib. Bu müşavirə media nümayəndələrinin təltif olunması və mükafatlandırılması mərasimi də sayıla bilməzdi. Belə mərasimlər hər il bir neçə dəfə paytaxtın ən zəngin mərasim saraylarında keçirilir. Sonuncu mərasim Milli Mətbuatın yaranmasının 139 illiyi münasibətilə "Altun saray"da olmuş, yenə onlarca yazar və media orqanı dövlət tərəfindən mükafatlandırılmışdı. İndiki müşavirə avqustun əvvəllərində Ermənistanın işğalçı ordusunun sərhədyanı rayonlarımızda və atəşkəs nəticəsində dondurulmuş cəbhə bölgəsində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə və cəbhəyanı kəndlərə basqın cəhdləri zamanı yaranmış vəziyyətin mediada işıqlandırılmasının vəziyyəti ilə bağlı idi. Ordumuz düşmənə layiqli cavab verməsilə dünyanın bütün maraqlı dairələrini möhkəm silkələmiş, öz qüdrətini göstərmiş və onunla daha güc dilində danışmağın çox çətin olacağını bildirmişdi. 3 dövlət prezidentlərinin Soçi görüşünə əsaslanaraq bildirmək olar ki, Qarabağ uğrunda savaşın 2-ci mərhələsinin kəşfiyyat xarakterli yoxlanış mərhələsi Azərbaycan ordusunun qələbəsilə nəticələndi və düşmən tələsik danışıqlar masası arxasına oturdu. Bəs Azərbaycan mediası?! Müharibə aparan bir ölkənin müharibə mediası yarandımı və ya özünü təsdiq edə bildimi?
Dövlət strukturları qurulmuş saat kimi dəqiq işlədiyi halda müstəqil media tam şəklində özünü müstəqil apara bilmədi. Burada naşılar, qeyri-peşəkarlar, qərəzlilər və xainlər daha böyük fəallıq göstərdilər. Uman yerdən küsərlər - dövlətin bəzi KİV orqanlarından küsməyə haqq vardı. Çünki bizdə KİV-ə yaradılan şərait heç bir Qərb dövlətində yoxdur. Qərbdə hansısa şirkətə və ya dövlət strukturlarına bağlı olmayan KİV tapılmaz. Üstəlik demokratiyanın beşiyi sayılan Qərbdə media da inhisara alınıb. Buyursun, kimsə azad və müstəqil formada bir KİV təsis etsin. Əhalisinin sayına və ərazisinə görə Azərbaycandan böyük və kiçik olan ölkələrin heç birində 4800 KİV qeydiyyatdan keçməyib. Qeydiyyatına ehtiyac olmadan fəaliyyət göstərən elektron KİV-lərin sayı daha çoxdur. Dövlət KİV-in inkişafı üçün 5 il ərzində 17 milyon manat pul sərf edib. Bizdə olduğu kimi heç bir ölkədə dövlət KİV nümayəndələrinə mənzil hədiyyə etmir, fəxri ad və təqaüd vermir. Ötən il 156 yazara tam təchiz olunmuş mənzillər paylanıldı. Daha 250 yazar üçün mənzil tikintisinə başlanıldı. Əslində bunlar heç də Qərbin sırımaq istədiyi demokratik prinsiplərə uyğun gəlmir. Amma insani münasibətləri, şəxsi ləyaqət prinsiplərini və milli maraqları dövlət siyasəti səviyyəsinə qaldıran və dünya siyasətinə kişilik anlayışları gətirməkdə olan Azərbaycan iqtidarından gözələnilən haldır və bu kimi hallar daha kimsəni təəccübləndirmir. Təəccüblü olan medianın buna tam ləyaqətlə cavab verə bilməməsi faktorudur. Müharibə zəngləri çalındığı bir zamanda Azərbaycan mediası hamılıqla əsgərə çevrilə bilmədi. On gün ərzində bir çox qəzetlər dövlətçilik mövqeyində dayansa da, reytinq naminə özünün yalan informasiyaları ilə əhali arasında çaşqınlıq yaradan KİV-lər də oldu. Bunlar daha çox elektron KİV-lər idi. Naxçıvanda hansısa kəndin artıq boşaldığını iddia edən saytla guya ki Azərbaycan ordusunun Ermənistan ərazisində kəndləri tutduğunu bildirən portal arasında heç bir fərq yoxdur və hətta bunu qeyri-peşəkarlıq səbəbindən etmiş olsalar belə, hər ikisi düşmənə işləmiş sayıla bilər. Daha böyük sayda əsgərimizin şəhid olduğunu guya ki, ürək ağrısı ilə bildirən agentliklər, ordumuzun guya ki, Ağdamı və Füzulini azad etməsi barədə sosial şəbəkə istifadəçisinin yaydığı yalan informasiyalar da eyni qədər təhlükəlidir. Azərbaycanda senzura ləğv edilib. Amma məlumdur ki, hər sözü hər yerdə demək olmaz. Yazarın öz içində vicdan və Vətənpərvərlik adlı senzura olmalıdır. Heç təsadüfi deyil ki, Azərbaycan xalq məsəlləri arasında bu barədə xüsusi bir deyim var: "Söz var xalq içində, söz də var xılx içində!" Xalqımız buna çoxdan əmindir ki, hər sözün öz yeri var. Müharibə şəraitində yaşayan, daim dörd bir tərəfdən müxtəlif iddialarla açıq və ya gizlicə təhdid olunan ölkəmizin indiki dövrü üçün bu fikir daha aktualdır. Ölkədə senzura olmasa da, hərbi, elmi, milli, dini, mənəvi və bir sıra strateji mövzular var ki, o haqda yazmaq sülh şəraitində yaşayarkən də caiz hesab olunmur. Məsələn, torpaqlarımızın 20%-i qonşu ölkə tərəfindən işğal olunduğu və onunla müharibə şəraitində yaşadığımız üçün ön mövqeyə yaxın kəndlərimizdə həyat şəraiti, əhalinin psixoloji durumu və hərbi postların vəziyyəti barədə yazmaq və göstərmək doğru deyil. Yazar bu zaman düşmənə onun üçün çox dəyərli kəşfiyyat məlumatları vermiş olur. Prezident Administrasiyasının rəhbəri bu kimi mətləblərə toxundu. Təəssüf ki, müharibəyə cəlb olunduğumuz ilk illərdə bir sıra qəzetlərimiz bu cür naşılığa yol verir, düşməni yaxşı agentura məlumatları ilə təchiz etmiş olurdu. Bəzi yazarlar oxunmaq və diqqət mərkəzinə düşmək fürsətinin yarandığını düşündülər. Belə həssas məqamlarda ölkənin rəsmi məlumatlarına istinad etmək və dövlətçilik maraqlarını öndə tutmaq daha vacib idi. Kimliyindən asılı olmayaraq, hər bir vətəndaş öz iş yerini, öz vəzifəsini bir cəbhə xəttinə çevirə və düşmənə qarşı öz silahı ilə döyüşə bilərdi. Qələm çox vaxt odlu silahdan daha kəskin olur. Hər cür doğru məlumatlara istinad edən ( AzərTac, "APA", "Olaylar" və sair) media orqanları mövcud olduğu kimi informasiya yaradıcılığı ilə məşğul olan saxtakar eletron KİV-lər də az olmadı. Elə bircəsinin olması kifayət edirdi ki, Azərbaycan mediyasının adına xələl gətirsin. Bu zaman KİV-lərimiz onlara qarşı açlq mübarizə apardımı? Təəssüf ki, mətbuatda döyüşən sətirlərə rast gəlmədik. II Dünya müharibəsi zamanı yazarlar, artistlər, rəssamlar ön cəbhəyə gedir, döyüşən ordunu ruhlandırmaq üçün heç nə əsirgəmirdilər. Radio diktoru Levitan 2-ci Dünya Müharibəsi zamanı hansısa ordu birləşməsindən daha böyük işlər görürdü. Buna görə də faşistlər onun başına pul qoymuşdular. Amma 2-ci Qarabağ savaşının başlanma ərəfəsində bəzi KİV-lər xaincəsinə susdular. Dövlətdən mənzil, fəxri ad və mükafat almaq zamanı gələndə susmayan, hər cür resursdan istifadə etməyə çalışan bir çox yazarlar ağızlarına su almışdılar. Niyə? Bunu bilərəkdən etdiklərini iddia etmək insafsızlıq olardı. Təəssüf ki, Azərbaycan KİV-inin İnkişafına Dövlət Dəstəyi konsepsiyası qəbul olunsa da, hələ ki, müharibə mediasının vəzifələri özünün konseptual həllini tapmayıb. Hərbi, Dövlətçilik, torpaq, ərazi bütövlüyü, milli-mənəvi-dini dəyərlər sərbəst müzakirə mövzusu ola bilməz. Yazarın vətəndaş mövqeyinə etimad və inam bəsləmək çox azdır, müharibə şəraitində redaktorlar daha çox məsuliyyət daşımalıdır. Eləcə də tarixi şəxsiyyətlərə münasibətdə hər kəs ağzına gələni iddia edə və məlumat yaya bilməz. Son vaxtlar Şah İsmayıl Xətayiyə, Məhəmməd Füzuliyə, Babəkə, Koroğluya təftişçilik nəzərləri ilə yanaşılması da əslində müharibə mediasının dəqiq konturlarının çəkilmədiyinin təzahürüdür. Adları qeyd olunan şəxsiyyətlər xalqımızın milli-mənəvi simasıdır. Müharibə mediası cəbhədə döyüşlər canlanmasa da daim fəaliyyətdə olmalı, Vətənpərvərlik ruhu aşılayan mövzular qabardılmalıdır. Eləcə bu zaman xarici internet portallarında açılmış müzakirələrdə fəal iştirak etmək, oradakı erməni xislətli şəxslərin cavabını fəal vermək lazım gəlirdi. Müharibə mediası üçün yazılmamış bu kimi çoxlu cəhətlər var. Əslində bu mövzuda rəsmi konsepsiya olmasa da faciə sayılmaz, yazarın Vətənpərvər olması işin çox tərəfidir. Özü ictimai şüurun formalaşmasına xidmət edən KİV-lərin bir çoxu ilə maarifləndirici tədbirlərin həyata keçirilməsinə ehtiyac hiss olundu. Vətənpərvər, döyüşkən, qalib bir alayın, takımın güdaza getməsi üçün cəmi bir əskərin bilərəkdən və ya bilməyərəkdən xəyanət etməsi kifayət edir. Hər bir azərbaycanlı yazar Müdafiə Nazirliyinin məlumatlarına istinad edərək və dövlət mənafeyini əsas götürərək yazarsa, kifayət edir. Nəhayət ki, internet resursları milli təhlükəsizlik konsepsiyası ilə uzlaşmalıdır. Avqustun əvvəllərində bu baş vermədi. Prezident Administrasiyasının rəhbərinin keçirtdiyi müşavirə bu kimi mövzulara yaxşı açar oldu. Birinci Qarabağ savaşında aldığımız acı nəticənin kökündə bu kimi incə mətləblərin nəzərdən qaçması da müəyyən rol oynadı. Müdrik siyasi liderlərin bu kimi incəliklərə zamanında toxunması və konseptual fikirlərin irəli sürülməsi gələcək qələbələrimizə yol açır. Bu yolu getmək zamanıdır.