Erməni lobbisinin təsiri altında olan “Human Rights Watch”un ədalət axtarışı

Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının qorunmasına təminat verən dövlət quruluşu ilə hüquqi-demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini özünün inkişaf yolu olaraq müəyyənləşdirib. Bu inkişaf xətti müvafiq konsepsiyalarla, qanunvericilik aktları və dövlət proqramları ilə Azərbaycan Respublikasının Prezidentinin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, son illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində çalışan nüfuzlu beynəlxalq qurumlarla işbirliyini inkişaf etdirib, insan hüquqlarının qorunması sahəsində 50-dən çox sənədə tərəfdar çıxıb, həmin öhdəliklərin həyata keçirilməsində uğurlar əldə edib. Lakin təəssüflər olsun ki, bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycanın bu sahədə əldə etdiyi uğurları görməməzlikdən gəlir, əksər hallarda ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv mövqe sərgiləyirlər. Belə yanaşmalar daha çox "Amnesty İnternational", "Human Rights Watch" kimi təşkilatların hesabatlarında əksini tapır. Bir müddət öncə adıçəkilən təşkilatların yaydıqları hesabatda Azərbaycana qarşı qərəzli yanaşma bir daha özünü büruzə verdi. Heç şübhəsiz ki, "Amnesty İnternational" və "Human Rights Watch"un məlum hesabatları ölkədəki vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən etirazla qarşılanır. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyir ki,  "Amnesty İnternational", "Human Rights Watch" kimi təşkilatlar hər zaman Azərbaycana qarşı ikili standartlarla yanaşıb, ölkəmizə qərəzli mövqedən çıxış ediblər: "Biz bunu dəfələrlə bəyan etmişik". Rufiz Qonaqov bildirib ki, artıq bu kimi təşkilatların ciddi bir qurum olduğu da şübhə doğurur: "Çünki onlar artıq ciddiliklərini itiriblər.  Birmənalı şəkildə hər şeyi qara görmək, heç bir müsbət addımı qeyd etməmək onu deməyə əsas verir ki, həmin təşkilatlar Azərbaycana qarşı qərəzlidirlər". Mərkəz sədrinin sözlərinə görə, sözügedən təşkilatlar bəzi erməni təşkilatları ilə əlbir olduqları üçün Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər: "Eyni zamanda Rüstəm İbrahimbəyov, Leyla Yunus, həmçinin Azərbaycana qarşı fəaliyyət göstərən digər bu kimi insanlar və təşkilatların ötürdükləri qərəzli, qeyri-dəqiq informasiyalar ətrafında belə fikirlər formalaşır". Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı deyir ki, ölkədə insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər və bu istiqamətdə müşahidə edilən müsbət tendensiyanı görməməzlikdən gələn bir neçə beynəxalq və regional QHT-lər öz açıqlamalarında respublikazmızdakı faktiki durumu yox, məhz öz istəklərini qeyd etməyi daha vacib bilirlər: "Bunu deməyə yetərincə əsaslar var. İstər Avropa Şurası, istər "Amnesty İnternational", istərsə də "Human Rights Watch" öz açıqlamalarında Azərbaycanı sanki hədəfə alıbmışlar kimi davranır, başqa ölkələrlə müqayisədə tam ikili standart tətbiq edirlər...

"Human Rights Watch"un Azərbaycan ictimaiyyəti arasındakı imici bəllidir deyə bilərik. Ancaq Avropa Şurası kimi ciddi qurumun qeyri-ciddi, konkret faktlara əsaslanmadan açıqlamayla çıxış etməsi yeni suallar doğurur və qərəzdən xəbər verir". Əkbər Qoşalı deyib ki, DGTYB beynəlxalq yaradıcılıq platforması kimi Azərbaycana qarşı olan ikili standarta bir daha qarşı çıxaraq, belə münasibəti, münasibətsizliyi qəbuledilməz sayır, həmin təşkilatları ədalətə çağırır. Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev də hesab edir ki, insan hüquqlarının qorunması, demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlətçilik və sair əsasların fundamental gücləndirilməsi dövlətin diqqət yetirdiyi ən əsas məsələlər sırasındadır: "Azərbaycan dövləti bu müddət ərzində sözügedən sahə üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələri çox sıx inkişaf etdirib. Ölkəmiz 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin reallaşdırılmasında önəmli uğurlara imza atıb. Amma təəssüflər olsun ki, bəzi xarici qurumlar ölkəmizin çox qısa müddətdə keçdiyi bu yolu görməzdən gəlirlər. Onlar bu məsələdə Azərbaycana qarşı məqsədli olaraq qeyri-obyektiv çıxış etmək yolunu tutublar. Məsələn, Avropa Şurası, "Amnesty İnternational", "Human Rights Watch" kimi qurumlar hesabatlarında Azərbaycanı əsas hədəf kimi daha da qabardırlar. Çünki Azərbaycanın müstəqil, milli və demokratik yolla inkişafı bəzi dairələrə sərf etmir". Təşkilat sədri hesab edir ki, "Human Rights Watch" kimi qurumlar erməni lobbisinin ciddi təsiri altındadır: "Təbii ki, buna görə də qurum Azərbaycana qarşı sifarişli qərəzkarlığını mütəmadi büruzə verir. Biz Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi olaraq ölkəmizə qarşı olan ikili münasibəti qətiyyətlə pisləyirik, bu cür qərəzkar münasibətə öz qəti etirazımızı bildiririk. Bu sahə ilə bağlı bütün beynəlxalq qurumlardan ədalətli və obyektiv yanaşma nümayiş etdirmələrini tələb edirik."

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00