Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı AŞPA-nın gündəliyinə salındı
4 Sentyabr 2014 12:31 Siyasət"Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinin qeyri-qanuni işğalı məsələsinin AŞPA gündəliyinə salınması məqsədi daşıyan qətnamə layihələri nəhayət Parisdə AŞPA Bürosu tərəfindən qəbul edilib". Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdan "OLAYLAR"-a daxil olan məlumatda belə deyilir. Məsələ ilə əlaqədar E.Süleymanov tərəfindən irəli sürülmüş qətnamə təklifləri AŞPA Bürosunda keçirilmiş səsvermə 20 səs lehinə, 5 səs əleyhinə olmaqla qəbul edilib. Millət vəkili qeyd edib ki, kəskin müzakirələrə səbəb olmuş məruzənin dəqiq başlığı nəhayət, üç nəfərin səs vermədən imtinası ilə əksər çoxluqla "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" kimi qəbul edildi: Xüsusilə vurğulamalıyam ki, səsvermənin nəticələri həqiqətən tarixi əhəmiyyətə malikdir. Belə ki, 10 il ərzində bəri Avropa Şurasında müzakirə edilməmişdi. Ermənistanın Azərbaycana qarşı güclü lobbiçiliyi, hətta Katiblik rəhbərinin dəstəyi nəticəsində işğal edilmiş ərazilərə dair müzakirəsinə dair bütün təşəbbüslərin qarşısı alınmış və, beləliklə məsələni gündəliyə salmaq qeyri-mümkün olmuşdu". E.Süleymanov Dağlıq Qarabağ və ətraf rayonların qeyri-qanuni işğalının AŞPA-nın gündəliyinə salınmasını tarixi hadisə adlandırıb. ("OLAYLAR" İA)