İsa Qəmbərdən təlimat gəldi: Qubad İbadoğlunu dəstəkləyin!
Başqanın yaxın ətrafında olan insanlar İbadoğlunu seçdi, Arif Hacılı narazıdır
3 Sentyabr 2014 14:58 SiyasətMüsavat Partiyasında başqanlıq savaşı son mərhələyə qədəm qoyub. Ayın 27-də keçiriləcək qurultayda mübarizə əsasən iki aday arasında gedəcək: Qubad İbadoğlu və Arif Hacılı. Belə görünür ki, Tural Abbaslı yaşlılardan lazımi dəstəyi ala bilməyib. Hər halda onun seçki kampaniyası sönük keçir. İnamlı açıqlamalar versə də, Müsavatın sanballı fiqurları onun arxasında durmurlar. Bunun əksinə olaraq Qubad İbadoğlu ətrafına ciddi fiqurları toplaya bilib. Açıq görünür ki, Arif Hacılının adaylığını istəməyən şəxslər Qubad İbadoğlunun ətrafında birləşiblər. Srağagün onlar pariyanın qərargahında toplantı keçiriblər. Toplantıda Vurğun Əyyub, Hikmət Hacızadə, Nüşabə Sadıxlı, Almas Əliqızı, Sədaqət Paşayeva da iştirak edib. Onlar İbadoğluna dəstək ifadə ediblər. "Yeni Müsavat" qəzeti isə bunu İbadoğlunun "gövdə göstərisi", yəni güc nümayişi kimi qələmə verib. Bu toplantı bir neçə nüansla yadda qaldı. Əvvəla, məlum oldu ki, antiHacılı qrup öz adayını dəqiqləşdirib. İkincisi, Hacılını istəməyənlər təkcə Vurğun Əyyub, Hikmət Hacızadə deyil. Bu cür adamların sayı yetərincədir. Meydana çıxan ən mühüm nüans isə İsa Qəmbərin də Qubad İbadoğluna dəstək verməsidir. Son toplantıda iştirak edən ziyalıların əksəriyyəti İsa Qəmbərin yaxın ətrafıdır. Hər halda başqan məsləhət bilsəydi, bu adamlar Hacılıya dəstək verərdi. Burada Arif Hacılı və qardaşı Mustafanın 2 aydır ki, incidikləri, ancaq adlarını anonim saxladıqları "yaxın adamların", "dostların" kimliyi bəlli olur. Məlum olur ki, Hacılı qardaşlarının incidikləri İsa Qəmbər imiş. Hacılı qardaşlarının məntiqinə görə, İsa Qəmbər partiya üçün əziyyət çəkmiş Arif Hacılının başqan olmasına çalışmalı imiş. İbadoğlunun "Yasamal və Səbail müsavatçıları ilə məsləhətləşmə" adını verdiyi toplantı partiyada ciddi proseslərə təkan verəcək. Qarşı tərəfin buna cavabı özünü çox gözlətməyəcək. Əks halda "Arif Hacılının tərəfdarları azdır" görüntüsü yarana bilər. Hacılı özəlliklə Hikmət Hacızadə, Vurğun Əyyub kimi iri fiqurların qarşısına adam çıxarmalıdır. Hikmət bəyin İbadoğlunun xeyrinə apardığı piar ciddi nəticələr doğura bilər. Qeyd edək ki, Hacızadə qurultayda başqanlığa keçiriləcək seçkidə Q. İbadoğlunu dəstəkləyəcəyini bəyan edib: "Qərara aldım ki, Qubad bəyi dəstəkləyim. İndiki halda partiyaya onun kimi şəxsin rəhbərlik etməsi lazımdır. Bizim ümidimiz mənəvi gücdür, intellektual gücdür. Bizə belə başqan lazımdır, ziyalı lazımdır". V. Əyyub da çıxışında Müsavat Partiyasının Q. İbadoğu ilə irəli gedəcəyinə inandığını deyib. Göründüyü kimi Arif Hacılı ciddi sınaqla üz-üzə qalıb. Hesab olunur ki, Hacılının başqan seçilməsi elə də asan olmayacaq. Sülhəddin Əkbər Məclisə sədr seçiləndə də belə olmuşdu. Arif Hacılının iradəsinin ziddinə olaraq başqan S.Əkbəri dəstəkləmiş, Hacılıya isə narazı qalmaması üçün Mərkəzi İcra Aparatı rəhbəri postunu vermişdi. Qubad İbadoğlu da bu qayda ilə başqan seçilə bilər. Bəs o halda Hacılı nə edəcək? Müsavatda qalsa, ona hansı post verilə bilər? Partiyadan sızan məlumata görə, partiyada Ağsaqqallar Şurası yarana, İsa Qəmbərlə Arif Hacılı o quruma seçilə bilərlər. Hacılı tərəfdarlarını narazı salmamaq üçün "yaşlılar gedir, yerini gənclərə buraxır" tezisi gündəliyə çıxarıla bilər. Əks halda Arif Hacılı İbadoğlunun başqanlığında partiyada qalmayacaq. Demokratik seçkidə uduzsa belə Hacılının Müsavatda qalacağı böyük sual altındadır. Böyük ehtimalla, Hacılı yeni partiya yaradacaq.
Ərhun Abbas