Rüstəm İbrahimbəyovun öncəgörənliyi və ya Eldəniz Quliyevin həbs edilmə arzusu
Ramil Hüseynov: “Eldəniz Quliyevi nəinki dünyada, heç Azərbaycanda tanıyan yoxdur”
3 Sentyabr 2014 14:46 SiyasətRufiz Qonaqov: "Həmin insan ətrafında özləri üçün şou yaratmağa çalışırlar"
Kinorejissor, "Milli Şura" ideyasının banisi Rüstəm İbrahimbəyov yenidən özünü diqqət mərkəzinə gətirməyə çalışır. Bu dəfə o, daxili işlər naziri Ramil Usubov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev vasitəsilə diqqəti çəkməyə cəhd edib. Belə ki, kinorejissor Eldəniz Quliyevin məhkəməyə verilməsi ilə bağlı bəyanat səsləndirib. İbrahimbəyov iddia edib ki, əgər Eldəniz Quliyev həbs edilərsə, bu, bütün dünyada ciddi rezonansa səbəb olacaq və Azərbaycanın beynəlxalq imicinə böyük zərbə dəyəcək. Bəs görəsən doğurdanmı Eldəniz Quliyev dünya üçün ciddi rezonansa səbəb olacaq bir fiqurdur? Yaxud hələlik məhkəmə prosesi yekunlaşmadığı bir halda Eldəniz Quliyevin həbs olunacağı ehtimalı Rüstəm İbrahimbəyovda hardandır? Əgər Eldəniz Quliyev həbs edilsə belə bu Azərbaycanın beynəlxalq imicinə hansı mənfi təsiri göstərər?
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, olmayan bir hal barədə əvvəlcədən fikir yürütmək, danışmaq o qədər də düzgün deyil. Mərkəz sədrinin sözlərinə görə, hər hansı bir insan həbs edilməyibsə onun haqqında hansısa fikir yürüdüb onu ictimailəşdirməyə ehtiyac yoxdur: "Bir çox hallarda törətdikləri cinayət əməllərinə görə, həbs olunan müəyyən insanlar haqqında müxalifət düşərgəsinin bir çox nümayəndələri şişirdilmiş şəkildə fikir yürüdürlər. Yəni, həmin insan ətrafında özləri üçün şou yaratmağa çalışırlar. Hesab edirəm ki, bu da növbəti bir şoudur". Rufiz Qonaqovun sözlərinə görə, bu kimi müxalifət nümayəndələri özlərinə başqa bir iş tapa bilmədikləri üçün cəfəng fikirlərlə gündəmə gəlməyə çalışırlar: "Əgər onlar özlərinə bir iş tapsaydılar belə əsassız fikirlər səsləndirməzdilər. Ümumiyyətlə, kimin həbs olunub-olunmaması məsələsini hüquq-mühafizə orqanlarından başqa heç kim bilə bilməz. Ona görə də düşünürəm ki, Eldəniz Quliyev barəsində belə fikirlər yürüdüb şou yaratmağa ehtiyac yoxdur". Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynov isə bildirib ki, bu gün Eldəniz Quliyevi nəinki dünyada, heç Azərbaycanda tanıyan yoxdur: "Eldəniz Quliyev elə bir ciddi fiqur deyil ki, onun həbsi dünyada ciddi rezonans doğursun və ya onun həbsi baş verəcəyi təqdirdə Azərbaycanın beynəlxalq imicinə ziyan dəysin. İkinci tərəfdən hələlik məhkəmə prosesi gedir və Eldəniz Quliyevin həbs olunub-olunmayacağı bəlli deyil. Belə bir vəziyyətdə Eldəniz Quliyevin həbs olunacağını iddia etmək öncəgörənlik olardı". Ramil Hüseynovun sözlərinə görə, sadəcə bəzi insanlar müəyyən siyasi məqsədlərinə görə bu gün Eldəniz Quliyevi müdafiə edir və onu ziyalı kimi qələmə verirlər: "Başa düşə bilmirəm ki, həmin insanlar ziyalı sözünün mənasını anlayırlarmı? Düşünürəm ki, bu gün Eldəniz Quliyevə ziyalı deyən insanlar gələcəkdə həmin sözü ona dediklərfinə görə utanacaqlar".
S.İsmayılbəyli