Ərdoğanın Azərbaycana səfəri qardaşın qardaş evinə olan səfəridir
2 Sentyabr 2014 16:08 SiyasətMillət vəkili Aydın Mirzəzadə facebook statusunda "Azadlıq" qəzetinin onun barəsində təqdim etdiyi yanlış məlumatı təkzib edən fikirlərini bölüşüb. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili bildirib ki, sentyabrın 2-i tarixində "Azadlıq" qəzeti "YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini niyə dəyişdi?" adlı bir məqalə dərc edib: "Orada mənim bir həftə əvvəl Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Təyyub Ərdoğanın inaqurasiyasına Ermənistan prezidentinin dəvət edilməsi faktına mənfi münasibətimlə, bir müddət əvvəl Türkiyə dövlət başçısının sentyabrın 3-nə olan rəsmi səfərinə olan şərhim üzbəüz qoyulur. Və bu nəticəyə gəlinir ki, YAP-çı deputat Ərdoğanla bağlı mövqeyini dəyişib. Səhv mülahizədəsiniz, cənablar". Aydın Mirzəzadə qeyd edir ki, iki müxtəlif məsələni qarışdırmaqla mülahizə predmetini amorf vəziyyətə salırsınız: "Türkiyənin bir protokol nümunəsinə olan münasibət Türkiyənin dövlət başçısına olan münasibət demək deyildir. Bu gün də o qənaətdəyəm ki, Türkiyə prezident inaqurasiyasına düşmən ölkəni dəvət etməməli idi. Ermənistanın xarici işlər nazirinə gələn il keçiriləcək uydurma" soyqırım yığıncağıa dəvətnaməni Ankarada təqdim etməyə şans verilməməli idi. Türkiyə Ermənistanın iştirakı ilə nüfuz qazanmır və onun böyüklüyü dünyada artıq qəbul edilmiş bir aksiomadır. İnaqurasiya dostların məclisidir və Ermənistanın orda nə statusda iştirakı Türkiyənin dostları üçün aydın deyildi". Millət vəkili deyir ki, Türk xalqının görkəmli dövlət xadimi Rəcəb Təyyib Ərdoğana isə münasibət həmişə müsbətdir: "O, Türkiyənin müasir tarixində görkəmli yer tutur və axırıncı seçkidə qələbəsi cəmiyyətdə onun qazandığı yüksək nüfuzun göstəricisi idi. Onun Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi sahəsində rolu da kifayət qədər ciddidir. Onun Azərbaycana səfəri qardaşın qardaş evinə olan səfəridir. Və hər bir azərbaycanlı onun səfərinə "xoş gəlmisiniz" deyir".