“Dağlıq Qarabağ Qazaxıstanı Rusiya ilə üzbəüz qoydu”
Natiq Cəfərli: “O, Ukraynada əldə etdiyi uğurları digər post-sovet ölkələrində tətbiq etməyi düşünür”
1 Sentyabr 2014 15:19 Siyasət"Real" Hərəkatının icraçı-katibi Natiq Cəfərli Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevi "qeyri-qanuni torpaqlar"da dövlət yaratmaqda ittiham etməsinə münasibət bildirib. N.Cəfərli qeyd edib ki, Putinin xoşuna gəlməyən məsələ, Nazarbayevin Ermənistandan Avrasiya İttifaqına Dağlıq Qarabağ olmadan üzv olmasını tələb etməsidir. Ermənistanın hələ də quruma üzvlük barədə sənədi imzalamadığını deyən "Real" rəsmisinin sözlərinə görə, oktyabrda bu məsələ gündəmə gələcək. Natiq Cəfərli vurğulayıb ki, N.Nazarbayev bir müddət əvvəl Astanada keçirilən görüşdə Ermənistanın üzvlüyü barədə Azərbaycanın lehinə olan bəyanat səsləndirdi: "Putin dolayı yolla bu barədə Astanaya verdiyi mesajlarda Ukraynadan dərs almağa çağırdı. Qazaxıstan əhalisinin təxminən 40%-ni ruslar təşkil edir. Rusiya bunu nəzərdə tutaraq, asanlıqla Qazaxıstan da Ukrayna hadisələrindən də dəhşətli planlar həyata keçirə bilər". Natiq Cəfərli bildirib ki, Nazarbayevin Dağlıq Qarabağdan başqa, Rusiyaya Avrasiya İttifaqı və Gömrük Birliyinə dair Qazaxıstanın mövqelərini qəbul etdirmək üçün bəyanatları olub. Onun sözlərinə görə, rəsmi Astana ittifaqlara qoşulmaq üçün Rusiyadan sərfəli şərtlərlə müavilələrin bağlanmasını istəyir: "Putinə isə bur maraqlı deyil, o dövlətlərin üst qurumunu yaratmağı düşünür. Moskva bütün əraziləri idarə etmək düşüncəsindədir. Nazarbayev də bunu bildiyindən bir neçə dəfə Rusiya əleyhinə çıxışlar edib. Moskvanın təzyiqlərinə baxmayaraq, Qazaxıstan öz mövqeyindən geri çəkilmir. Onun sonadək öz mövqelərini müdafiə edəcəyini görmək mümkündür". Natiq Cəfərli hesab edir ki, Moskva dolayı yolla Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada reallaşdırılan işğal planlarının bir gün Qazaxıstana da şamil ediləcəyini nümayiş etdirir. Putinin niyyətinin çox ciddi olduğunu deyən N.Cəfərli qeyd edib ki, Ukraynada əldə etdiyi uğurları digər post-sovet ölkələrində tətbiq etməyi düşünür. "Ancaq güc dilində danışaraq öz diktəsini ətraf ölkələrə yeritməyə çalışır" - deyə "Real" rəsmisi qeyd edib. ("OLAYLAR" İA)