Prezident İlham Əliyevin Beyləqan və Füzuli rayonlarına səfəri - YENİLƏNİB
29 Avqust 2014 12:56 SiyasətAzərTAc bildirir ki, avqustun 28-də Prezident İlham Əliyev Füzuli rayonuna səfərə gəldi.
Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etdi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında son vaxtlar aparılan genişləndirmə və yenidənqurma işləri uğurla başa çatıb. Parkın ərazisi 2 hektar yarım genişləndirilib. Yaşıllaşdırma işlərinin də aparıldığı parkda uşaqlar üçün əyləncə guşələri yaradılıb, bununla da əhalinin istirahətinin yüksək səviyyədə təşkilinə nail olunub.
Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Məcnun Namazəliyev füzulililərə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
X X X
AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz tikiş fabrikinin açılışında iştirak edib.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır. Bu fabrikdə ilkin dövrdə məktəbli formalarının və hərbçi geyimlərinin istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək. Təxmini hesablamalara görə müəssisənin ilkin mərhələdə illik dövriyyəsi 2 milyon manat təşkil edəcək. Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət mərkəzindədir.
Bütün bunlar bir daha Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasətin artıq uğurlu nəticələr verdiyini təsdiqləyir. Bu, bir reallığı da nümayiş etdirir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı tədricən aradan qaldırılır və yeni istehsal sahələrinin yaradılması ilə ölkəmizin iqtisadi qüdrəti daha da möhkəmləndirilir.
X X X
AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, 10 hektar ərazidə salınan Bayraq Meydanından bütün Horadiz şəhəri görünür. Burada geniş yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən tikilib. Əraziyə avtomobil yolu çəkilib və dayanacaq inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir və demək olar ki, bütün ətraf ərazilərdən aydın görünür. Meydanın əhəmiyyətini artıran mühüm amillərdən biri də burada 3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə, Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
X X X
AzərTAc bildirir ki, Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.
İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 4 qrup yaradılıb və bağçada uşaqların istirahəti üçün geniş imkanlar var. Uşaqların günün yarısını bağçada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil ocağında da onların keyfiyyətli təlim-tərbiyəsi vacib amil kimi götürülüb. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bundan əlavə, onların məntiqi və əqli imkanlarının inkişaf etdirilməsi məqsədilə rəsm otağı qurulub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
X X X
AzərTAc bildirir ki, Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb. Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müharibə zamanı dağıntılara məruz qalan şəhərdə quruculuq işləri geniş vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpa işlərindən sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan əlavə, "Mən hər bir azərbaycanlının prezidenti olacağam" deyən dövlət başçısının fəaliyyətinin real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin ilk növbədə cəbhə xəttində yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.
Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla həyata keçirilən inşaat işləri zamanı evlərin hamısı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çətin sınaqlardan çıxan soydaşlarımızda sabaha ümid yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu təsdiqləyib. İnsanlar da dövlət başçısının ideyaları ətrafında sıx birləşməyi bacarıblar.
Prezident İlham Əliyev bərpa olunmuş evlərdən birində
yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısı ev sahibi Vəli Şəmilovun ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət etdi.
X X X
AzərTA bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar - Mollaməhərrəmli - Arayatlı - Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib.
Bu yol Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən tikilib. 2013-cü və 2014-cü illərin dövlət büdcələrindən ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi uzunluğu 32 kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində 28 su keçidi yerləşir. Kəndlərarası avtomobil yolunun əhəmiyyətini artıran ən mühüm amil onun 13 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edə biləcəklər.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
X X X
AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.
Bildirildi ki, bu muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsinin gedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı "İstiqlal" muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb. Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik ənənələrinin müxtəlif dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var. Muzeydə Azıx mağarasının maketi və ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrində sərgilənən eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirən eksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında məlumatların toplandığı muzeydə "Qələbə qığılcımı" başlığı altında xüsusi bölmə də yaradılıb. Burada Füzuli rayonundan olan Milli qəhrəmanların həyatı, onların döyüş yolu, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində rayonun işğaldan azad olunan 22 kəndi, o cümlədən Horadiz şəhəri və ötən dövrdə bu ərazilərdə aparılan bərpa, yenidənqurma işləri barədə məlumatlar verilir.
Prezident İlham Əliyev Füzuli rayonundan olan Musa Yaqubovun hazırladığı 16 musiqi aləti ilə tanış oldu.
X X X
AzərTAc bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada Ulu Öndərin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Füzuli rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.
Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan verir. Konfrans zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri bu şəbəkəyə qoşulub.
İcra hakimiyyətinin binası, eyni zamanda, rayonun simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
AzərTAc bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Bu yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 12 sentyabr tarixli Sərəncamı ilə tikilib. Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. İyirmi beş min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 40 kilometrə yaxındır. Yolun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu ən müasir tələblər səviyyəsində inşa olunub. Tikinti zamanı infrastrukturun mükəmməlliyinə xüsusi diqqət yetirilib. İnşaat işləri zamanı 67 su keçidi tikilib, yolun kənarına müxtəlif siqnal dirəkləri basdırılıb.
Bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdıracaq.
AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.
Stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Daxili imkanlar hesabına aparılan tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib.
Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.
Beyləqanda Mərkəzi Şəhər Stadionunun istifadəyə verilməsi rayonda gənclərin futbola olan marağını daha da artıracaq.
Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya İdman kompleksləri və digər idman qurğularının inşası respublikamızın hər yerində beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Ölkəmizin bütün bölgələrində yaradılan müasir idman qurğuları gənclərin idman sahəsində mühüm uğurlar əldə etməsi, onların sağlam yetişmələri baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında qazandıqları uğurların ildən-ilə artmasında, idmanla məşğul olanların sayının çoxalmasında belə qurğuların tikintisi çox önəmlidir.
AzərTAc bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı sinif otaqları bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımı inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.
Bu cür obyektlərin yaradılması gələcəyimiz olan uşaqlara Heydər Əliyev Fondunun diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Bu, bir daha sübut edir ki, Azərbaycanda gənc nəslin yetişməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti sonsuzdur. Respublikanın müxtəlif bölgələrində Fondun dəstəyi ilə müasir təhsil ocaqlarının inşası, həyata keçirilən layihə və proqramlar bu sahənin sürətlə inkişaf etməsinə möhkəm zəmin yaradıb. Müasir dizaynı ilə diqqəti cəlb edən bu binalarda uşaqlarla çalışmaq üçün yüksək tələblərə cavab verən şərait var.
AzərTAc bildirir ki, avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
X X X
AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, mərkəzin binasının inşasına 2013-cü ilin mayında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib. İkimərtəbəli binada gənclər üçün hərtərəfli şərait yaradılıb.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin rayona səfərlərini və gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend var.
Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Bu zallarda rayonda qeyd edilən əlamətdar günlərlə bağlı tədbirlər keçirmək də mümkün olacaq. Burada yaradılan elektron kitabxana, oxu zalı, linqafon otağı, internet kafe, bədii gimnastika və rəqs zalları da gənclərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyev mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşdü.
Müəllimə Aytən Mirzəyeva, məktəb direktoru Əziz Əkbərov gənclərimizə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
AzərTAc bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanılıb və 2014-cü ilin fevralında tikinti işləri başa çatdırılıb. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.
Məktəbin ikimərtəbəli binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərini əks etdirən fotolar var.
Buradakı 50 yerlik şahmat yarışı zalı zəruri avadanlıqla təchiz edilib. Məktəbin konfrans zalı, sinif və müəllimlər otaqları da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada yeniyetmə və gənclərə şahmatın sirlərini öyrətmək üçün bütün imkanlar var.
Məktəb binasının orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu cür sosial təyinatlı təhsil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı keçirir, həm də bilik və bacarıqlara yiyələnirlər.
Sonda xatirə şəkli çəkdirildi.