Müsavatda parçalanma rüzgarı

Başqanlıq uğrunda yarış savaşa çevrilir

Müsavat partiyasında başqanlıq uğrunda savaş getdikcə qızışır. Artıq başqanlığa namizədlər dəqiqləşib. Bunlar Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Divan üzvü Qubad İbadoğludur. Müsavatda keçirilən son toplantıda tərəflər arasında kəskin söz atışması əlbəyaxa dava səviyyəsinə çatıb. Beləki avqustun 18-də keçirilən Müsavatın Qurultaya Hazırlıq üzrə təşkilat Komitəsinin iclasında qalmaqal yaşanıb. A.Hacılı Q.İbadoğluna "Sən QHT sektorunda milyonlar qazanırsan, partiyaya nə xidmətin keçib ki, başqan olmaq istəyirsən?" deyə səslənib. Q.İbadoğlu isə "sənin hansı bankda nə qədər pulun, harada villan varsa, açıb tökərəm" cavabını verib. Bundan sonra A.Hacılı Q.İbadoğlunun üzərinə hücum edib, lakin ətrafdakılar əlbəyaxa davanın qarşısını alıblar. Daha sonra Tural Abbaslı İsa Qəmbəri Hüseyn Məlikovu müşavirlikdən çıxartmaqla partiyanı zədələməkdə ittiham edib. Başqan isə "bu mənim səlahiyyətimdir, sən münasibət bildirə bilməzsən, kim istəyirsə, partiyadan getsin" cavabını verib. Vurğun Əyyub isə İ.Qəmbəri partiyanı dağıtmaqda suçlayıb: "Arif Hacılını sən müdafiə edirsən, əlini çəksən, o, məhv olacaq". Sonda Arif Hacılının "başqan olmasam, partiyanı dağıdacam" hədəsi yenidən qalmaqala səbəb olub. Mediaya sızmış bu söhbətlər partiyadan təkzib olunmayıb. Göründüyü kimi artıq Müsavatda hadisələr nəzarətdən çıxıb. Son olay partiyada başqanlıq uğrunda savaşan qrupları, adayların arxasında duran şəxsləri tamamilə üzə çıxarıb. Pariyada qüvvələr nisbəti təxminən belədir: Rauf Arifoğlu qrupu, Mustafa Hacıbəyli və bir neçə rayon təşkilatının sədri Arif Hacılını dəstəkləyir. İsa Qəmbər "Arif Hacılı başqan olmasa, partiyanı dağıdar" qorxusu ilə sonuncunu dəstəkləmək zorundadır. Sabiq birinci müavin Vurğun Əyyub, Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı "Arif olmasın, kim olur-olsun" məntiqi ilə Qubad İbadoğlunu müdafiə edirlər. Onların son toplantıda  İsa Qəmbərə kükrəmələr də bununla bağlıdır. Arif Hacılıdan narazı qrupun (onlar partiya elitasında əksəriyyəti təmsil edirlər) tək istəyi Hacılının başqan olmamasıdır. Onlar Qubad İbadoğluna keçici aday kimi baxırlar. AntiHacılı qrup növbəti qurultayda öz adayını başqan postuna keçirmək niyyətindədir.

Arif Hacılının "başqan olmasam, partiyanı parçalayacam" hədəsini də gözardı etmək olmaz. Sirr deyil ki, hazırkı Müsavatı quranlardan biri də Hacılıdır. Arif Hacılı təcrübəli siyasətçi, peşəkar təşkilatçıdır. Seçki mütəxəssisidir. Onun Müsavatdan narazı getməsi partiyaya çoxlu problemlər yaradacaq. Əvvəla bir neçə rayon təşkilatı buraxılacaq. Partiyadan qopacaq. Müsavat ətrafında cəmləşmiş bir qrup sosial şəbəkə fəalları İsa Qəmbər əleyhinə çevriləcək. Qubad İbadoğlu partiyanın bütövlüyünü saxlaya bilməyəcək. Arif Hacılının başqan olması isə narazı qrupun partiyadan getməsinə səbəb olacaq. Bu baxımdan İsa Qəmbər və Müsavatın məsuliyyətini daşıyan bir çoxları üçün kritik mərhələ başlanır. Onlar doğru qərar verməlidirlər. İndilikdə görünən odur ki, Müsavatı qoruyub saxlamaq üçün ciddi qərarlara ehtiyac var. Nə qədər qəribə görünsə də, bu addımlardan biri demoktaiyadan müvəqqəti geri çəkilmə ola bilər. Partiya Nizamnaməni dəyişib "bir şəxs iki dəfədən artıq başqan ola bilməz" müddəasını götürərsə, o zaman böhran da aradan qalxar, parçalanmanın qarşısı alınar.

Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00