“Müdafiə nazirlərinin görüşünün Azərbaycana müəyyən dividentlər verdiyi göz önündədir”

"NATO üzvü olan Türkiyə və Qərblə çox yaxınlaşan Gürcüstanın müdafiə nazirlərinin Azərbaycan ərazisindəki görüşü ilk növbədə regiondakı maraqlarını güc müstəvisində həll etməyə yenidən start götürmüş Rusiyaya bir cavabdır". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşünə münasibət bildirərkən səsləndirib. Bildirib ki, görüşün çox mühüm əhəmiyyət daşıdığı, xüsusilə də Azərbaycana müəyyən dividentlər verdiyi göz önündədir: "İlk növbədə Azərbaycan regional problemlərinin həllində əlavə arqumentlər əldə edir. Eyni zamanda strateji müttəfiqimiz olan Türkiyənin və onun hərbi imkanlarının Azərbaycanın yanında olması nümayiş olunmaqla bizim mövqelərimiz gücləndirilir. Görüşdən verilən əsas mesaj isə məncə NATO-ya üzv ölkələrin Cənubi Qafqazda və Azərbaycandakı ciddi siyasi maraqlarını bir daha diqqətə çatdırmaqdan ibarətdir. Azərbaycanın NATO-ya sürətlə yaxınlaşmasının həmişə tərəfdarı olmuşuq. Bu gün də fikirləşirik ki, ən azı sadə bir səbəbə görə - dünyada və regionda əsas müttəfiqimiz olan Türkiyə bu ittifaqın üzvü olduğuna görə biz də bu istiqamətdə irəliləməliyik. Bu mənada müdafiə nazirlərinin son görüşünü də bu istiqamətdə atılmış növbəti müsbət addım hesab edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00