Dağlıq Qarabağ probleminin həlli niyə uzanır?

ABŞ Cənubi Osetiya və Abxaziya məsələlərinə Dağlıq Qarabağ qədər əhəmiyyət vermir

Qərbin geosiyasi planlarının icrası çərçivəsində reallaşdırdığı müharibələrin hamısı müsəlman ölkələrində baş verir. ABŞ və Avropa İttifaqı təsir dairəsinə salmaq istədiyi xristian ölkələrində isə yalnız diplomatiya siyasəti həyata keçirir. Müharibələr yolu ilə ABŞ Misir, İraq, Əfqanıstan, Liviya, Tunis kimi müsəlman ölkələrini tərəfinə çəkə bilib. Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ, Bəhreyn, Qətər kimi müsəlman dövlətləri Qərbin Suriya, Misir və yenidən İraqda möhkəmlənməsi üçün nə lazımdısa edir. Həmin müsəlman ölkələri Fələstin Azadlıq Hərəkatının boğulması üçün də əllərindən gələni göstərirlər. Rusiyaya qarşı müsəlman çeçenlərdən, müsəlman Azərbaycanına qarşı xristian ermənilərindən istifadə olunur. "əl-Qaidə", İŞİD, "ən-Nüsra" kimi təşkilatlar da Xristian cəbhəsinə yaxından kömək edirlər. 11 sentyabr hadisəsindən sonra Əfqanıstana ordu yeridildi. "əl-Qaidə" lideri Üsamə bin Laden öldürüldü. İraq xarabazara çevrildi, Səddam Hüseyn edam edildi. Edamın səhərisi gün ABŞ ordusu Küveyti ələ keçirdi. Qəddafi öldürüldü, Mübarək devrildi, Mursi həbs olundu. Suriyada vətəndaş müharibəsi adı altında geosiyasi planların icrasına start verildi. İŞİD yaradıldı. İraq yenidən qarışdırıldı. Süni-şiə qarşıdurması qızışdırıldı. Kürdlər ayağa qaldırıldı. İsrail-Fələstin müharibəsinin qızışdırıcı körüyü yenidən basıldı. Sərkisyanın kənardan aldığı tapşırıqlar üzərindən Ermənistan-Azərbaycan təmas xəttində gərgin proseslər yenidən başlandı. Başqa sözlə müsəlman və İslam dünyası tamamilə müharibələrin ortasındadır. Prinsip etibarilə baş verən müharibələrin hamısı İslama qarşıdır. Müsəlman dövlətlərinin sahib olduğu enerji, digər təbii sərvət və strateji mövqeləri Qərb, Rusiya və Çin kimi dövlətləri qıcıqlandırır. Həmin müharibələr də bu imkanları mənimsəmək üçün edilir.

Müsəlmanların sayının artması

Rusiyanı o qədər maraqlandırmasa da Çin və Qərb digər tərəfdən müsəlmanların sayının artmasından narahatdır. Qərb dövlətlərinin müsəlman ölkələrində reallaşdırdığı müharibələr, eyni zamanda Çinin Şərqi Türküstanda uyğur türkləri üzərində həyata keçirdiyi soyqırım siyasəti artımın qarşısını almağa hesablanıb. Məsələn, İngiltərənin "Teleqraf" qəzetinin araşdırmasına görə, 2050-ci ildə Avropa İttifaqı ölkələrinin 20%-ni müsəlmanlar təşkil edəcək. ABŞ-ın "Pyu" Araşdırmalar Mərkəzinin hesabatında isə 2030-cu ildə müsəlmanların sayının 2.2 milyarda çatacağı qeyd olunub. Bu, müsəlmanların xristianları üstələyəcəyi deməkdir. Ortada olan faktlar həm Çini, həm də Qərbi narahat edir. Bununla paralel olaraq olaraq sahib olduqları imkanları mənimsəmək üçün müharibələr ən yaxşı vasitədir. Qərb planlarını "terrorizmlə mübarizə", Çin isə digər ölkələrdə bunu "iqtisadi əməkdaşlıq" adı altında reallaşdırır. Xüsusilə Qərbin ayrı-ayrı ölkələrdə demokratiyanı inkişaf etdirmək səyləri tamamilə ədalətsizlik tezisidir. ABŞ-ın demokratiya aparmaq istədiyi hər yerdə müharibə var.

ABŞ və Rusiyanın münaqişənin həllindəki səyləri

Ermənistan-Azərbaycan müharibəsinin qızışması üçün körüyün basılması da bu qəbildəndir. Lakin digər problemlərdən fərqli olaraq, Dağlıq Qarabağ məsələsində vəziyyət bir qədər qarışıqdır. Çin kənarda dayansa da Rusiya və ABŞ-ın münaqişə ətrafında bəlli aktivliyi var. Tərəflər məsələyə öz tezislərilə yanaşırlar. ABŞ çalışır ki, ətraf rayonları Azərbaycana qaytarmaqla öz əhəmiyyətini bir qədər də qabağa çıxarasın. Rusiya da buna çalışır. Biri digərinin üzərində üstünlük qazanmaq üçün həlli təkbaşına üzərinə götürmək istəyir. Ortaya konkret təklif qoymaqdan çəkinirlər. Ona görə də həll uzanır. Rusiya Dağlıq Qarabağdan Avrasiya İttifaqı üçün istifadə etməyə çalışır. ABŞ bunu rədd edir. Moskva və Vaşinqtona görə, Dağlıq Qarabağ Cənubi Qafqazda möhkəmlənməyin açarıdır. Diqqət etsək görərik ki, ABŞ Cənubi Osetiya və Abxaziya məsələlərinə Dağlıq Qarabağ qədər əhəmiyyət vermir. Başa düşür ki, Rusiya tərəfindən müstəqilliyi tanınmış əraziləri geri qaytarmaq mümkün deyil. Moskva isə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bütün hallarda isə ABŞ və Rusiyanı birləşdirən əsas məsələ Ermənistana güzəştə getməlidir. Prosesdə digər qlobal məsələlərdə olduğu kimi xristian təəssübkeşliyi mühüm rola malikdir. Azərbaycan isə həm müsəlman ölkəsidir, həm kifayət qədər enerji ehtiyatları var, həm də strateji əhəmiyyəti çox gözəldir. Azərbaycan xristian ölkəsi olsaydı, çox güman ki, vəziyyət indikinin əksi olacaqdı. Fərqli məsələ odur ki, Rusiya müsəlman faktoruna ABŞ qədər əhəmiyyət vermir. Rusiya üçün əsas lazım olan nəticəni əldə etməkdir. Moskvanın xristian Ukraynası, Moldovası və Gürcüstanında reallaşdırdığı işğal siyasəti hər kəsə bəllidir.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00