Cavad Heyət harda dəfn olunacaq?

Doktor Heyət komaya düşməmişdən əvvəl ailəsindən xahiş edib ki, dünyasını dəyişəcəyi təqdirdə onu Bakıda dəfn etsinlər

 Ötən gün dünyasını dəyişən məşhur Azərbaycanlı cərrah, professor Cavad Heyətin harda və nə vaxt dəfn edilməsi məsələsi hələ də açıq qalıb. Ailəsindən bununla bağlı Azərbaycan və İran tərəfləri arasında danışıqlar getdiyi bildirilib. Hazırda Cavad Heyətin cənazəsi Mərkəzi Gömrük Klinikasındadır. Cavad Heyət bir aydan çox idi ki, Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

ANS TV-nin məlumatına görə, Cavad Heyəti, bu ad azərbaycanlılara çox şey deyir. Əslən İran azərbaycanlısı 1925-ci ildə Təbrizdə anadan olan bu şəxs tibb sahəsində əldə etdiyi uğurlara görə həmişə biz azərbaycanlıların adına uğur gətirib. İranda ilk böyrək köçürmə əməliyyatını o edib, ilk açıq ürək əməliyyatı da onun adı ilə bağlıdır. İranla Azərbaycan arasında sərhədlər qaldırılandan sonra doktor Heyət həm Arazın o üzündə, həm də bu üzündə bir çox əməliyyatlar keçirib. 50 illik cərrahlıq fəaliyyətində Türkiyədə, Fransada yiyələndiyi tibbi bilikləri bizim insanlara çatdırıb. Ürəyi ondan yaxşı bilən yox idi. Amma bu gecə onun özünü ürəyi bir dəfəlik dayandı.

Cavad Heyət təkcə insanlara şəfa verən kardioloq, cərrah deyildi, həm də böyük ictimai-siyasi xadim Güney Azərbaycan Milli Hərəkatının görkəmli siması idi. Bütün həyatı boyu xalqının dili uğrunda həm elmi, həm də ictimai fəaliyyətilə çalışan Cavad Heyət Azərbaycanı çox sevirdi. Hətta, son mənzili kimi seçiləcək məkanın Bakı yaxud Təbriz olmağını vəsiyyət edib. Elə buna görə də xəstəliyinin şiddətlənən dövründə Bakıya gəlib, Bakını çox sevən doktor Heyət komaya düşməmişdən əvvəl ailəsindən xahiş edib ki, dünyasını dəyişəcəyi təqdirdə onu Bakıda dəfn etsinlər.

Allah arzusuna çatdırsın.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00