Müsavatdan qopmalar başlandı

Partiya qurultaya qədər böyük itkilər verə bilər

Qurultay öncəsi Müsavat Partiyasında qarşıdurmaların, parçalanmaların olacağı ilə bağlı deyilənlər təsdiqini tapır. Müsavat Divanının son toplantısında İsa Qəmbərin müşaviri Hüseyn Məlikin məsələsi müzakirə olunub və onu tutduğu vəzifədən uzaqlaşdırıblar. Ona qarşı irəli sürülən əsas ittiham partiyanın çıxardığı qərarlara tabe olmamaq  və AXCP ilə əməkdaşlığın davam etdirilməsidir. Qeyd olunub ki, Hüseyn Məlik partiyanın təlimatı olmasına baxmayaraq AXCP ilə münasibətləri davam etdirirmiş. H.Məlikin partiyadan çıxarılması məsələsi də qoyulub və başqan bu işi Divana həvalə edib. Ancaq Hüseyn bəy öncə davranaraq partiyadan çıxdığını bəyan edib.  Bəzi məlumatlara görə, Hüseyn Məliki Arif Hacılının adamları uzaqlaşdırıb. Sabiq müşavirin Müsavat başqanı kimi Qubad İbadoğlunu dəstəkləməsi vəziyyəti bu həddə çatdırıb. Qeyd edək ki, Hüseyn bəy hər addımda Qubad İbadoğluna simpatiyasını büruzə verirdi. Sosial şəbəkələrdə də İbadoğluna açıq dəstək verirdi. Onun bu hərəkətlərindən qəzəblənmiş Hacılı komandası kompromatları toplayıb və məsələni Divanın toplantısına qoymaqla Hüseyn Məliki  "xain" çıxarmağa  müvəffəq olub. Bundan sonra Hüseyn Məlikin gedəcəyi yer bəllidir. Onu AXCP-yə qəbul edəcəklər. Ancaq Müsavatın problemi bununla həll olmayacaq. Sabiq Divan üzvü Əsgər Əhməd də deyib ki, başqan Arif Hacılı olarsa, Müsavatdan qopmalar sürətlənəcək. Ancaq məsələ tək Arif Hacılı ilə bağlı deyil. Hüseyn Məlik, ondan öncə partiyanı tərk etmiş digər şəxslərin (Yeganə Hacıyeva və digərləri) əsas iradı partiyanın siyasi kursuna idi. Tərslikdən Arif Hacılı da hazırkı kursu dəstəkləmək zorundadır. Bu kurs isə Müsavatdan qopmaları şərtləndirən əsas amillərdəndir. Narazı elektorat, o cümlədən Müsavatın sosial bazası Müsavat rəhbərliyinin hazırkı kursunu qəbul etmir. Tabanı narazılardan formalaşmış Müsavat kimi partiyanı hazırkı loyal siyasi kursla saxlamaq mümkün deyil. Çünki kənarda eyni tabana, eyni idealogiyaya mənsub olan radikal partiya-AXCP var. Yəni insanların gedəcəyi yer var. Müsavat hazırda 2000-ci ildə AXCP-nin düşdüyü durumdadır. Partiya radikal kursu apara bilməz-razılar, işlərini qurmuş adamlar gedəcək, loyal kurs isə narazıları aparacaq. Artıq o proses sürətlənib. Bu kurs davam edərsə, Müsavat qurultaya qədər böyük itkilər verə bilər. Arif Hacılını istəməyən şəxslər bəhanə edərək pariyadan çıxacaqlar. Bir neçə gün öncə filosof Niyazi Mehdi Müsavatdan çıxdığını açıqlayıb. Bu sıraya tanınmış elm xadimləri, ziyalılar da qoşula bilər. Əslində İsa Qəmbərin başqa çıxış yolu da yoxdur. Müsavatdan qopmalar labüddür, Qubad İbadoğlu başqan olarsa, bu proses sürətlənəcək. Müsavatın rayon təşkilatlarından AXCP-yə transferlər sürətlənəcək. Müsavatı hazırkı gücdə Arif Hacılı da saxlaya bilməyəcək. Ancaq gənc və təcrübəsiz İbadoğluna nisbətən köhnə hərəkatçı Arif Hacılı AXCP-nin təzyiqlərinə tab gətirə, partiyanın tabanını qismən qoruya bilər.

Zaur Sultanbud

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00