Arif Hacılı tərəfdarlarını səfərbər edir
Qurultayda ssenari dəyişə, Hacılı başqan olmaya bilər
12 Avqust 2014 15:35 SiyasətMüsavat başqanlığına əsas namizədlərdən biri partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı rayonlara səfərlərini davam etdirir. Mətbuata açıqlamasında Hacılı bu səfərlərə "müsavatçıları səfərbər edirik" adını qoyub. Ancaq müsavatçıları hara və nə üçün səfərbər etdiyini deməyib. Deməsə də, bəllidir ki, Müsavatda Hacılı ilə başqa funksionerlər arasında başqanlıq yarışı gedir və Arif bəy rayon təşkilatlarının dəstəyini almağa çalışır. Bəllidir ki, Qubad İbadoğlu və Tural Abbaslı da başqan olmağa çalışır. Özəlliklə, Müsavat elitasından ciddi dəstək alan İbadoğlu Hacılını məğlub edəcəyinə əmindir. Beynəlxalq əlaqələrə malik İbadoğlunun yerli təşkilatlarda nüfuzu yoxdur. Yerli təşkilatlarda daha çox Hacılıya ümid edirlər. Bu arada Tural Abbaslı Hacılıya qarşı piara son qoyub. Müsavatdakı mənbə buna səbəb kimi partiyanın Seçki Qərargahının rəhbəri Gülağa Aslanlının və "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlunun ortaya mövqe qoyması olub. Hər iki şəxsin "başqan seçkilərində Arif Hacılını dəstəkləyəcəyik" deməsi vəziyyəti Arif bəyin xeyrinə dəyişib. Hacılının inamla rayonlara çıxması da buna işarədir. Öncə MİP rəhbəri ölkənin Qərb bölgələrinə səfərlər etdi, Zaqatala, Qax, Balakən bölgəsində müsavatçılarla iş apardı. Yuxarıda adları çəkilən şəxslərdən dəstək alan kimi əhatə dairəsini böyütdü. Mətbuata açıqlamasında "Müsavatda hər şey yolundadır, parçalanma yoxdur", "Bölünmə gözləyənlər yanılacaqlar" kimi fikirlər səsləndirən Hacılının böyük ehtimalla başqan olacağına artıq inanıb. Görünür, parçalanma yaratmaması üçün "yuxarıdan" ona müəyyən jestlər edib, vədlər veriblər. Ancaq qurultayda ssenari dəyişə, Hacılı əleyhinə böyük kampaniya başlaya bilər. Yəqin ki, elə belə də olacaq. Belə görünür ki, Hacılı tərəfdarlarının erkən qiyamından qorxuya düşən, partiyanın qurultaya qədər parçalanacağından ehtiyat edən isa Qəmbər və komandası indilikdə Hacılını narazı salmamaq qərarına gəliblər. Ancaq qurultay günü hər şey dəyişə, nümayəndələrə başqa təlimat gələ bilər. Yəqin ki, qurultay günü İsa Qəmbər və komandasının namizədi bəlli olacaq. Ola bilsin ki, bu, Qubad İbadoğlu, Tural Abbaslıd eyil, sürpriz bir namizəd olsun. Kim olur-olsun, əsas Müsavat rəhbərliyinin seçimidir. Müsavat rəhbərliyi kimi irləi sürsə, aşağılar ona səsə verəcək. Arif Hacılı və tərəfdarlarının gücü isə bir neçə rayon şöbəsini qoparmaq və Sülhəddin Əkbərin partiyası boyda yeni partiya qurmağa çatacaq.
Ərhun Abbas