AXCP müxalifət daxilində ayrı-seçkilik salır
Əli Kərimli müxalifətin toplantısına Cəmil Həsənlini də buraxmadı
12 Avqust 2014 15:31 SiyasətÖtən gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında bəzi hüquq müdafiəçilərinin həbsi ilə bağlı keçirilən tədbirə AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli qatılmayıb. Bu laqeyd münasibət bir sıra partiyaların narazılığına səbəb olub. Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, müxalifət bir araya gəlməyi bacarmır, uzun illər yanından adam qovmağa çalışıb: "Biz fərqli düşüncələrə hörmət etməliyik. Bunun keçmişi belə olub, filankəsin gələcəyi belədir deyib, yanından kənarlaşdırırlar. Axırda da iki nəfər qalır və deyirlər ki, Azərbaycanda demokratik mübarizə aparırlar. Bu tədbirdə nəyə görə, Milli Şuradan heç kim iştirak etmir?". ADP sədri Sərdar Cəlaloğlu da İ. Ağazadənin fikirlərinə şərik çıxaraq, AXCP sədri Əli Kərimlinin tədbirdə iştirak etməməsinin səbəbini soruşub. KXCP sədri Mirmahmud Mirəlioğlu deyib ki, C. Həsənliyə tədbirdə iştirak etməsi ilə bağlı şəxsən müraciət edibmiş, lakin qeyri-müəyyən səbəblərdən o, toplantıya qatılmayıb. Partiya sədri deyib ki, Cəmil Həsənlinin vasitəsilə də Əli Kərimlini də dəvət etsə də, o da tədbirə gəlməyib. Qeyd edək ki, tədbir Müsavat başqanı İsa Qəmbər və KXCP sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə keçirilib. AXCP sədri buna qədər təkcə özü Müsavatın keçirdiyi tədbirləri boykot edirdi. Bu dəfə Milli Şura sədri Cəmil Həsənlini də boykota qoşub. Əvvəla, bu hərəkət Milli Şura sədrinin nüfuzuna xələl gətirir. Cəmil Həsənli AXCP sədrini istəyinə uyğun hərəkət etməməli idi. Görünür, Cəmil Həsənli Milli Şuranın artıq tarixə qovuşduğunu, "ana müxalifət" statusunu itirdiyini anlayır. Amma Milli Şura hələ AXCP-yə lazımdır. Yəqin ki, parlament seçkiləri ərəfəsində Milli Şuranın bazasında yeni siyasi birlik yaranacaq. AXCP-nin məqsədi hələ Milli Şuranı "əsas, radikal müxalifət, real güc mərkəzi" kimi saxlamaqdır. Bu baxımdan Müsavatın toplantısından iştirak etmir, Müsavatı müxalifətdən dışlamağa çalışırlar. AXCP-nin əsas məqsədi Müsavatı tamamilə müxalifətdən çıxarmaqdır. İsa Qəmbərin təşəbbüsü ilə keçirilən toplantıların, yaradılan birliklərin boykot olunması da bu məqsədi güdür. Ancaq bir iş var ki, AXCP-nin bu taktikası müxalifət daxilində ikitirəlik yaradır, qüvvələrin toparlanmasına imkan vermir. Bu taktika müxalifətə olan inamı tamamilə sarsıdacaq, 2015-ci il parlament seçkilərində demokratik mühitə zərbə vuracaq, müxalifətin tamamilə iflası ilə sonuclanacaq. Müsavat ətrafındakı qüvvələrlə seçki bloku yaradarsa, AXCP-nin işi tamam çətinə düşəcək. İndidən qütbləşmənin, ikitirəliyin yaranması AXCP-nin özünə də zərərdir.
Zaur Sultanbud