Soçi görüşündə İlham Əliyev müstəqil mövqeyini ortaya qoydu

Əvəz Həsənov: “Sarkisyan dalana dirəndiyi üçün çaşqın görsəndi”

Prezidentlərin Soçi görüşü ilə bağlı ictimai müzakirələr davam edir. Görüş bütün dünya ictimaiyyətinin diqqətində idi.  Ermənistan prezidentinin bu görüşdə çaşbaş qalması daha çox diqqət çəkən məqamlardan idi. Açıq-aşkar hiss olunurdu ki, bu görüşdə Ermənistan prezidenti Rusiya ilə yanaşı Azərbaycandan da imdad diləyir və dalana dirəndiyini aşkar etiraf edir. Serj Sarkisyanın Azərbaycan prezidenti İlham Əliyevə açıq-aşkar yalvarması və ona atəşkəs rejiminə əməl etdiyi üçün minnətdarlıq bildirməsi Ermənistanın hansı vəziyyətə düşdüyünü biruzə verdi. Görüşün detalları barədə danışan Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru, konflitoloq Əvəz Həsənov da Ermənistan prezidentinin görüşdə acizlik nümayiş etdirdiyini deyir. Ekspert deyir ki, bu görüş Rusiya prezidentinə də sərf edən idi: "Əvvala onu deyim ki, prezidentlərin Soçi şəhərində görüşü ilə bağlı planlaşdırma cəbhə xəttində gərginliyin başlanmasından daha əvvəl nəzərdə tutulmuşdu. Bu kimi ənənəvi görüşü Vladimir Putinin idman yarışları zamanı təşkil etməsinə üstünlük verməsi bizi təəcübləndirmir. V.Putinin Qərblə siyasi və iqtisadi qarşıdurmaları fonunda əlinə yaxşı bir imkan düşmüşdü ki, hər iki ölkə prezidentlərini qəbul edib, onlarla üçtərəfli görüş təşkil etməklə Qərbə hələ də Rusiyanın Cənubi Qafqazda dominant rola malik olduğunu sübuta yetirsin. Eyni zamada Azərbaycan və Ermənistan prezidentləri ilə bir araya gələrək, vəziyyətin onun diqqətində olduğunu çatdırsın, məsələnin həll olunması üçün konstruktiv yollar ətrafında fikirləşsinlər. Amma, bu konstruktiv yolların Rusiyasayağı izahı vardır ki, onun arxasında Rusiyanın Qafqazda marağına zidd olan addımın atılmaması mesajı var. Soçi görüşündə əsasən prezidentlərin öz mövqelərini ortaya qoyacaqları və onun ATƏT-in Minsk Qrupu həmsədri ölkələrindən biri olan Rusiya qarşısında müdafiəsini təşkil edəcəyini proqnozlaşdırırdım. Hər hansı sənədin qəbul olunması mümkün görsənmirdi. Çünki, cəbhədə baş verən atışmalar fonunda hər hansı sənədin qəbul olunması ciddi qəbul olunmazdı. Ona görə də, ekspertlərin heç biri sənəd və birgə bəyanat haqqında danışmırdı". Əvəz Həsənov deyir ki, bu görüşdən bütün tərəflərin öz qazancı oldu. Çünki, Vladimir Putin prezident seçiləndən sonra ilk dəfədir ki, Dmitri Medvedevin başladığı danışıqlarda Rusiyanın iştirakını bərpa etdi və özünün Qərbdə azalan imicinin kompensasiyası üçün çalışır. Serj Sarkisyan Ermənistan ictimaiyyətinə nümayiş etdirdi ki, o Rusiyanın Dağlıq Qarabağ münaqişəsində sülh yolu ilə danışıqların davam etdirilməsi (Ermənistan üçün status-kvonun saxlanması) istiqamətində dəstəyini almağa cəhd edir: "İlham Əliyev isə Dağlıq Qarabağ münaqişəsinin uzun zaman davam etməsini Azərbaycanın marağında olmadığını və münaqişənin tam həll olunmasına maraqlı olduğunu göstərdi. İlham Əliyev eyni zamanda onun Avrasiya İttifaqı ilə bağlı hər hansı güzəştlərin edilə biləcəyi ehtimallarını alt-üst etdi". Soçi görüşündən nəticəyə gəlincə isə Ə. Həsənov deyir ki, danışıqlar prosesi istənilən münaqişəni ölü nöqtədən tərpətmək üçün hesablanmış metodologiyadır: "Əgər müharibə getmirsə tərəflər danışıqlar prosesindən imtina etməməlidir. Danışıqlar prosesi eyni zamanda mövqelərin cilalanmasına xidmət edir. Təbii ki, azərbaycanlıllar və ermənilər başa düşməlidir ki, danışıqlar "gəmisinə" miniblərsə nə zamansa münaqişənin həlli yaxınlaşacaq, tərəflər kompromis yolu ilə bu mərhələni tezləşdirəcəklər". Əvəz Həsənov deyir ki, görüşdə Ermənistan prezidenti öz ölkəsinin aydın mövqeyini çatdırdı: "Lakin, onun vəziyyəti İ.Əliyevin vəziyyətindən bu cür danışıqlar zamanı daha fərqlidir. İ.Əliyev müstəqil mövqeyini ortaya qoyanda, Sarkisyan Rusiyanın qəzəbinə gəlməyən və onun oyun sirrlərini açmayan bəyanatla çıxış etməlidir. Ona görə də, Sarkisyan Rusiyanın moderatorluq etdiyi görüşlərdə daha çaşqın görsənir. O strateji səhv etməklə Rusiya və Ermənistan arasında partnyorluq qaydalarına ziyan vurmaq istəmir. Sarkisyana sərf edir ki, indiki vəziyyətdə sülhdən danışsın. Ona cəbhədə vəziyyəti gərginləşdirmək lazım deyil. Çünki, Ermənistanın əsas partnyoru olan Rusiyanın ciddi sanksiya problemləri var. Rusiya hələ Ukrayna probleminin ağrılarını yaşayır. Qafqazda gərginlik onun işini çətinləşdirər, Qafqaza Türkiyənin vasitəsilə Amerikanın daxil olması gününü yaxınlaşdıra bilər. Bunu nəzərə alaraq Sarkisyana regionda stabillik daha lazımdır. İ.Əliyev isə Azərbaycanın artan iqtisadi imkanları fonunda çoxtərəfli siyasi oyunları oynayır və onun öhdəsindən bacarıqla gəlir. Onun qərb və Rusiyayla tarazlaşdırılmış siyasi gedişləri Ermənistanı çətin vəziyyətə salacaq. Ermənilər bunun fərqindədirlər. İlham Əliyev daha çox əminliklə bu görüşə gəlmişdi. Onun Rusiyadan əsas gözləntisi odur ki, Dağlıq Qarabağ münaqişəsi fonunda ədalətli sülhə dəstək versin. Ona görə də, Prezidentin çıxışı zamanı ədalətli sülhə istinad etməsi təqdirəlayiq idi. İ.Əliyev Rusiya ilə münasibətlərini horizontal qaydada qurmağa meyllidir. Özünü daha sərbəst aparırdı. Çünki Putin və Sarkisyan daha çox sovet təsəvvürləri ilə bu görüşə qatılmışdısa da Əliyev özünü qərb diplomatları kimi sərbəst aparırdı".

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00