Hakimiyyətdəki bandit diqqəti yayındırmağa çalışarsa…
11 Avqust 2014 16:27 SiyasətErmənistanın baş naziri və nazirlər, Yerevan meri Azərbaycanla sərhəd rayonlara baş çəkiblər, səngərlərdə olublar. Təbii ki, onları çoxsaylı jurnalistlər müşayiət ediblər. Məmurlar kamuflyaj formada, əsgərlərin arasında şəkillər çəkdiriblər, müsahibələr veriblər, əsgərlərlə birlikdə nahar ediblər. Bir sözlə, obıvatellərin nəzərinə çatdırılıb ki, qorxmayın, əgər baş nazir, nazirlər və hətta Yerevanın meri səngərdədirsə, üstəlik, əyinlərində də hərbi forma varsa, müharibədən çəkinməyə dəyməz. Ermənistan mediasında, xüsusilə də telekanallarında geniş yayılmış praktikadır bu. Azərbaycanla sərhəddə və Dağlıq Qarabağ münaqişəsinin cəbhə boyunca, təmas xəttində ermənilər atışmalara başlayandan, burunları ovulub başlarına vurulandan sonra Yerevandakı məmurat səngərlərə axışır. Onlar müharibə xofu və hərbi əməliyyatların başlanma qorxusu ilə yaşayan ermənilərə ürək-dirək vermək fikrində olurlar. Zahiri təbliğat effektiv deyil. Çünki simalarında qeyri-senzur ifadələr olan oliqarxlar və milyonçuların məmur qismində bir günlük "cəbhə səfər"ləri illər əvvəl erməniləri bəlkə nələrəsə inandıra bilirdisə, indi tam əksinə effekt verir. Ermənistan ordusunda hərbi xidmətə çağırıldığı ilk gündən hüquqları tapdanan, komandirlərin təhqirləri və qanunsuz tələbləri ilə qarşılaşan, normal qidalanmayan, hələ Sovetlər Birliyi dönəmində istehsal olunmuş köhnə silahlarla səngərlərə yönəldilən, dözülməz şəraitdən intihar edən əsgərlərin yalnız bu "səfər" zamanı normal qidalandıqlarını gizlətmək mümkün deyil. Komandirlərin gülümsədiyi və belə davranışa alışmamış əsgərlərin sifətindəki təəccübün aşkar göründüyü kadrlarla hansısa məmurun "Azərbaycan hərbi əməliyyatlara başlayarsa, peşman olacaq" deməsi absurd təsiri bağışlayır. Belə "qəhrəmanlıq" kadrlarını ermənilər "teatr" adlandırırlar. Çünki məmurlar özlərini təlxək kimi apararaq erməniləri axmaq yerinə qoyurlar. Gərçi müharibə başlanarsa Ermənistan hökumətinin üzvlərindən və merindən hərbi formada səngərlərdə sülənmək yox, operativ və effektiv idarəetmə tələb olunacaq. Amma nə edəsən ki, ermənilər üçün müharibə çoxlarının balıq tutmağa çalışdığı bulanıq sudur. Dağlıq Qarabağdakı birinci müharibədə də ermənilər "Vətən, Qarabağ" adları ilə öz məqsədlərini təmin edən merkantil əclafları çox gördülər. Ermənistanda operativ, normal, effektiv və ədalətli idarəetmə olsaydı, sərhəd boyunca ərazilərdə və Dağlıq Qarabağdakı hərbçilər Azərbaycanı atəşə tutmaqla işlərini bitmiş saymazdılar. Gerizəkalı idarəçilik olduğu üçün bu hərbçilərə anladan olmadı ki, açılan atəş mütləq şəkildə cavab atəşini ehtiva edir. Və əgər ermənilər Azərbaycanı adda-budda, yaxud da tam əksinə, intensiv atəşə tuturlarsa - aldıqları cavab birə-on, qat-qat ağır olur. Yerevan hər dəfə bunu görür, amma aldığı zərbələrdən nəticə hasil etmir. Ermənistan prezidenti Serj Sərkisyan isə özünü əla hiss edir. Son aylar ölkənin daxili siyasət müstəvisindəki gərginlik, müxalifət partiyalarının birgə tələbnaməsinin yaratdığı ağır situasiya, kütlənin səbr kasasının dolmasını şərtləndirəcək son damlanın ləngər vurması, xarici siyasətdəki sürəkli uğursuzluqlar qısamüddətli olsa da, arxa plana keçib. İndi cəmiyyətin və medianın diqqətində atışmalar, yaralanan və həlak olan erməni əsgərlərdir. "Ermənistan rəhbərliyi ölkədəki ağır situasiyadan diqqəti yayındırmaq üçün cəbhə bölgəsindəki vəziyyəti gərginləşdirir" ifadəsi çox deyilməkdən sürtülmüş ştamp, köhnəlmiş klişe təsiri bağışlaya bilər. Fəqət, danılması çox çətin gerçəkliklər var. İlin əvvəlindən bəri Ermənistandakı iqtidar olduqca mürəkkəb, hətta müşkül durumdadır. Əvvəlcə MDB daxilində Gömrük İttifaqına qoşulmağa can atan, amma üçüncü dərəcəli ölkə qismində qəbul edilən Ermənistanın prezidenti Serj Sarkisyan Rusiyanın davranışını şərh edə bilməmişdi. Halbuki o, Yerevanın sözügedən quruma qatılmaq niyyətini bəyan etməsindən dərhal sonra Moskvanın adekvat reaksiya verəcəyini və ermənilərin də çox səmimi, strateji tərəfdaş münasibəti ilə qarşılaşacaqlarını demişdi. Olmadı. Daha sonra Yerevan Avropa Birliyinə assosiativ üzvlüklə bağlı sürəkli danışıqlarda avropalıları aldadaraq Rusiyaya pənah apardı və Avrasiya Birliyinə qatılmaq niyyətini açıqladı. Serj Sarkisyan yenə erməniləri inandırmağa çalışdı, heç narahat olmamalarını, qayğılanmamalarını istədi. Axı onun sözlərinə görə, Rusiya, Qazaxıstan və Belarusla yanaşı, Ermənistan da bu strukturun banilərindən biri olacaqdı. Fəqət, Astanadakı sammitdə Rusiya ermənilərə yerlərini göstərdi. O yer dəyişməzdi: Moskvanın Cənubi Qafqazdakı quberniyası, de-yure olmasa da, de-fakto vilayəti və müstəmləkəsi. Avrasiya Birliyinə ermənilərin "dərhal və təcili qatılmaları" prosesi ləngə düşdü, təxirə salındı və Yerevandakı iqtidar da bu olayın "müəyyən vaxt tələb etdiyini" söyləmək məcburiyyətində qaldı. Bir qədər də keçdi, ABŞ və Rusiya Cənubi Qafqazdakı əsas strateji tərəfdaş və geosiyasi müttəfiqləri qismində Azərbaycanı gördüklərini üstüörtülü olsa da, açıqladılar. "Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasına yönəlmiş proses" təki uzun-uzadı adı olan danışıqlarda da Ermənistanın mövqeləri çox zəifləyib. ABŞ-ın Yerevandakı səfiri ilə bahəm, Minsk Qrupunun amerikalı həmsədrinin son vaxtlardakı bəyanatları, hətta Rusiyanın Ermənistandakı səfirinin Yerevana sərt xəbərdarlıqlarını da xatırlasaq, Sarkisyan iqtidarının seytnot durumuna düşdüyünü söyləmək olardı. Belə vəziyyətdə Yerevandakı hakimiyyət tipik kriminal məntiqlə davranmağa qərar verdi.
Oğru aləminin davranış modellərindən biri də budur: hansısa "urka"nın mövqeləri zəifləyirsə, o mütləq şəkildə özündən dəfələrlə güclü və qüvvəli birisinə hücum edir. Hücumun uğursuz başa çatması, "urka"nın Həmədan ulağı kimi döyülməsi şərt deyil. Şərt odur ki, bu kriminal element diqqəti özünə cəlb etdi və ətrafındakı "qopnik"lərin nəzərində "cəsarətli adam" kimi tanındı. Ermənistan iqtidarı da ciddi problemlər məngənəsini müvəqqəti də olsa, zəiflətmək üçün cəbhə xəttində diversiyalarla provokasiyalara əl ataraq diqqəti yayındırmaq, kütlənin qarşısına yeni hədəflər qoymaq niyyətindədir. S.Sarkisyan hələlik məqsədinə çatıb. Amma sonrası Yerevan üçün heç yaxşı olmayacaq.
Ən azı, hərbi xidmətə yolladığı oğlunu tabutda "təhvil" alan erməni anaların Yerevana, prezident administrasiyasının binasının qarşısına yeni yürüşü qaçılmazdır.
Sonrası isə...
Əvvəlki illərdəki hadisələrin təkrarı.
Elçin Alıoğlu
Milli.Az